×
A
A
A
Sazlamalar

Xalq artisti Amaliya Pənahovanın xatirə gecəsi keçirilib

Bakı, 16 iyun, Məmməd Məmmədli, AZƏRTAC

İyunun 16-da Azərbaycan Dövlət Film Fondunda unudulmaz sənətkar, Xalq artisti Amaliya Pənahovanın doğum günü münasibətilə xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində görkəmli sənətkarın kinoda yaratdığı obrazlardan ibarət fotosərgi də nümayiş olunub.
Azərbaycan Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev sənətkarın həyat və yaradıcılığından danışıb, onun mədəniyyətimizin inkişafındakı xidmətlərini vurğulayıb. Bildirib ki, insanın ən böyük varlığı onun yaddaşıdır. Bu gün tədbirə toplaşanların çoxluğu Amaliya Pənahovanın sevgisinin, ülvi xatirəsinin göstəricisidir. Cəmil Quliyev qeyd edib ki, Amaliya Pənahovanın oynadığı 500-ə yaxın rol onu daim yaşadacaq.
Azərbaycan Dövlət Film Fondunda Amaliya Pənahovanın şəxsi arxiv fondunun yaradıldığını qeyd edən Cəmil Quliyev deyib: “Fonda görkəmli sənətkarın 80 nadir fotoşəkli, kitabları, şəxsi sənədləri, qəzet və jurnalları daxil olub. Xalq artistinin şəxsi arxiv fondunun yaradılması sənətkarın doğum gününə ithaf olunub. Şəxsi arxiv fonduna daxil olan sənədlər sənətkarın qızı Aynur Muxtarova tərəfindən təhvil verilib”.
Amaliya xanımın yaxın dostu Elxan Qasımov görkəmli aktrisanı 1962-ci ildən tanıdığını söyləyib. O deyib: “Amaliya xanım şəhərdə, rus mühitində böyüsə də dilimizi gözəl bilirdi. Sonralar Amaliya xanıma tamaşalarda baş rolların mətnləri üzərində işləmək həvalə olundu. Bu, onun peşəkar karyerasında dönüş nöqtəsinə çevrildi. Ardınca ona teatrlarda da rollar verildi. Amaliya Pənahova haqqında yazılan monoqrafiyalar onun xarakterini tam əks etdirmir. Amaliyanı yaxından tanımaq, gözündəki qığılcımı görmək üçün onunla təkbətək söhbət etmək gərəkdi. Amaliya Pənahovanı daha yaxşı Bakı Bələdiyyə Teatrının aktyorları tanıyır. Bu teatrı yaradan Amaliya Pənahova yaradıcı heyətə nəvazişlə yanaşır aktyorlara sənətin sirlərini öyrədirdi. Bu teatr Amaliya Pənahovanın canlı arxividir. Onun həyatı bundan sonra başlayır”.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın səhnəsində görkəmli sənətkarla bir səhnəni bölüşən Xalq artisti Rafiq Əzimov Amaliya Pənahovanı teatr aləmində 50 il şöhrəti saxlayan yeganə aktrisa adlandırıb: “Amaliya Pənahova hələ 3-cü kursda oxuyarkən “Sən həmişə mənimləsən” filminə baş rola dəvət olunmuşdu. O zamanlar baş rolları peşəkar aktyorlar oynayardı. Anacaq Amaliya bu işin öhdəsindən müvəffəqiyyətlə gəldi. Tamaşa respublikada səs saldı. Bundan sonra Amaliya Pənahova ölkənin aparıcı teatrlarında roldan-rola girərək başqalaşdı və tamaşaçıların qəlbini ovsunladı. Onun yaratdığı teatr bir tarix oldu. İlk dəfə Amaliya Pənahovanın vaxtında yaşlı nəslin nümayəndələri ilə gənc aktyorlar bir səhnəni bölüşdülər. Bu teatr tarixində bir çevriliş idi”.
Görkəmli sənətkarla uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bərabər çalışmış, quruluş verdiyi tamaşalarda Amaliya Pənahovaya əsas rolları həvalə etmiş Xalq artisti Mərahim Fərzəlibəyov deyib: “Sən həmişə mənimləsən” filmində Amaliya Pənahovanı ilk dəfə ekranda görəndə onunla işləmək arzusuna düşdüm. Tale elə gətirdi ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirdiyim tamaşalarda onunla bərabər çalışdıq və uzun illər teatrın ən önəmli səhnə əsərlərində Amaliya xanım tamaşalarımdakı qadın obrazlarının təkrarsız ifaçısı oldu. Son illərdə isə Bakı Bələdiyyə Teatrında görkəmli sənətkarla çalışdım. Teatrın kollektivi ilə bir çox tamaşalar hazırladıq. Son hazırladığım “Xan qızı” tamaşası onun xatirəsinə həsr olundu. İnanıram ki, Bakı Bələdiyyə Teatrı hər zaman Amaliya Pənahovanın yolunu layiqli şəkildə davam etdirəcək və gördükləri işlərlə onun ruhunu şad edəcək”.
Amaliya Pənahova ilə birgə televiziya layihələrində çalışan telejurnalist Vidadi Hüseynov onunla ilk tanışlığından danışıb, xatirələrini bölüşüb, bildirib ki, o, Amaliya Pənahovanın böyük fanatıdır.
Sonra Xalq artisti Amaliya Pənahova haqqında sənədli film təqdim olunub.
Tədbirin sonunda Amaliya Pənahovanın nəvəsi Aydın Muxtarov ailəsi adından çıxış edərək Azərbaycan Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyevə və görkəmli sənətkarın ruhunu yad etmək üçün zala toplaşanlara təşəkkürünü bildirib.
Xatırladaq ki, Amaliya Pənahova “Əhməd haradadır?”, “Həyat bizi sınayır”, “Xatirələr sahili”, “Səmt küləyi”, “Mezozoy əhvalatı”, “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Mən mahnı qoşuram”, “Babək”, “Gözlə məni”, “Bircəciyim”, “Cavad xan” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.

Mədəniyyət 2022-06-16 21:26:00