×
A
A
A
Sazlamalar

“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsində...

Bakı, 16 iyun, AZƏRTAC

“Mədəniyyət/Culture” jurnalının daha bir nömrəsi oxucuların görüşünə gəlib. Hər zamankı kimi, jurnal maraqlı yazıları ilə diqqəti cəlb edir.
AZƏRTAC xəbər verir ki, jurnalın ilk səhifələri Milli Məclisin deputatı Qənirə Paşayevanın müsahibəsi ilə başlayır. Müsahibədə Qənirə xanım türk dünyası arealında görülən işlər, Azərbaycanın əhəmiyyətli mövqeyi və mənəvi dəyərlər barədə dolğun cavablarla oxucunu maraqda saxlayır.
Türk dünyası adına daha bir neçə material da jurnalın bu nömrəsinin vacib bölümünü təşkil edir. Novruz mövzularına və tədbirlərinə toxunulur ki, bariz nümunəsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun builki tədbirini əhatələyir, daha sonra oxuculara “Kitabi-Dədə Qorqud” eposunun özbək dilinə tərcüməsi faktını çatdırır.
Azərbaycan Prezidentinin sərəncamlarına uyğun olaraq, korifeylərin yubileyləri haqqında mütəmadi yazılarla çıxış edən jurnal bu dəfə də Xan qızı “Xurşidbanu Natəvan – 190”, dahi bəstəkar “Fikrət Əmirov – 100” yubileylərini, dahi şərqşünas, Nizami yaradıcılığının ən böyük tədqiqatçılarından, professor Rüstəm Əliyevi xatırlayır, Azərbaycan kinematoqrafiyası və ədəbiyyatının görkəmli simalarından biri, bu yaxınlarda dünyasını dəyişən Rüstəm İbrahimbəyovu anır.
Bu ərəfədə bölgələrdə keçirilən ən duyğusal tədbirlərdən biri də artıq bir ildir ki, həyatdan gedən gözəl şair Fikrət Qocanın anım mərasimi oldu və respublikamızın tanınmış simaları toplaşıb onu öz vətənində - Ağdaşda andılar. Bu barədə geniş reportaj jurnalın bu nömrəsində oxuculara təqdim olunur.
“Elm” rubrikasında oxucuların ixtiyarına verilən məqalələr də həmişəki kimi gənc və müqtədir araşdırmaçılarımızın üstün təfəkkürünün məhsulu olaraq Azərbaycan elminə xidmətdədir.

Mədəniyyət 2022-06-16 17:14:00