×
A
A
A
Sazlamalar

Biləsuvarda iki kiloqramdan çox narkotik vasitə, həblər və psixotrop maddə dövriyyədən çıxarılıb

Bakı, 14 iyun, AZƏRTAC

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, həmin əməliyyatla ölkəyə gizli yolla gətirilmiş iki kiloqramdan çox güclü təsiredən xassəyə malik narkotik vasitə, həblər və psixotrop maddə dövriyyədən çıxarılıb. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri ilə Bakı şəhər sakinləri Ramin Fəttayev, Vahid Ağayev və Əli Bayramov sonuncunun idarə etdiyi avtomobildə Biləsuvar rayonunda saxlanılıblar.
Şəxsi axtarış zamanı Ə.Bayramovun üzərindən hazır bükümlərdə qablaşdırılan heroin və metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirləri ilə müəyyənləşdirilib ki, həmin şəxslər Biləsuvar rayonuna xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri və ölkə ərazisinə gizli yolla gətirilmiş narkotik vasitə və psixotrop maddəni götürmək üçün gəliblər. Satışını təşkil etmək üçün onlara göndərilmiş ayrı-ayrı bükümlərdə 821 qram tiryək, 684 qram heroin, 810 qram metamfetamin və 40 ədəd narkotik tərkibli metadon həbi gizlədildiyi yerdən aşkarlanaraq götürülüb.
Həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib. Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, təkcə bu ilin ötən dövründə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 85 fakt aşkarlayıblar. Qanunsuz dövriyyədən 73 kiloqramdan çox narkotik vasitə çıxarılıb.



 

 

Hadisə 2022-06-14 14:26:00