×
A
A
A
Sazlamalar

İnnovasiya ekosisteminin inkişafı istiqamətində dövlət-özəl tərəfdaşlığına dair birgə fəaliyyət planı müzakirə olunub

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, nazirliyin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Technovate-Sabah Mələk İnvestorlar Klubu” arasında görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan innovasiya ekosisteminin inkişafı istiqamətində dövlət-özəl tərəfdaşlığına dair birgə fəaliyyət planı geniş çevrədə müzakirə edilib.
Tədbirdə yerli startap icması, innovasiya ekosisteminin tanınmış üzvləri, “Technovate-Sabah Mələk İnvestorlar Klubu”nun təsisçiləri və investorları, media nümayəndələri iştirak ediblər.
Görüşdə innovasiya və startap ekosisteminin cari vəziyyəti, müasir çağırışlar, problemlər və yeni imkanlar istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technovate-Sabah Mələk İnvestorlar Klubu” ilə tərəfdaşlığı çərçivəsində investorlar üçün təlim proqramlarının, beynəlxalq mübadilə görüşlərinin maliyyələşdirilməsi, müştərək investisiya imkanlarının dəstəklənməsi və sözügedən klubun fəaliyyətinin təşviq olunması istiqamətləri müzakirə olunub.
Görüşdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Technovate-Sabah Mələk İnvestorlar Klubu”nun yaradılması təşəbbüsünü alqışlayaraq klubun fəaliyyətinin respublikanın innovasiya ekosistemi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Səsləndirilən istiqamətlər üzrə “Technovate-Sabah Mələk İnvestorlar Klubu” ilə birgə layihələrin həyata keçirilməsini labüd sayıram. Məqsədimiz ölkədə investisiya mədəniyyətinin formalaşmasına təkan vermək, biznes mühitinin optimallaşdırılmasına, yerli layihələrin xarici bazarlara çıxarılmasına, xarici investorların ölkəyə cəlb edilməsinə nail olmaqdır. Bu istiqamətdə potensial tərəfdaşlarla daha da yaxından əməkdaşlıq etmək niyyətindəyik”, - deyə Rəşad Nəbiyev qeyd edib.
“Technovate-Sabah Mələk İnvestorlar Klubu”nun təsisçisi Fərid İsmayılzadə geniş təqdimatla çıxış edərək vençur studio və klubların yaradılmasının, dəstəklənməsinin əhəmiyyətini önə çəkib. Klubun fəaliyyətindən danışan Fərid İsmayılzadə Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyada həyata keçirilən layihələrdən, ilkin inkişaf fazasında olan startaplara göstərilən toxum maliyyələşməsindən və beynəlxalq əməkdaşlıqdan danışıb.

 

İKT 2022-06-14 13:58:00