×
A
A
A
Sazlamalar

“Piter Pen: Yoxlandiyaya səyahət” tamaşası Kukla Teatrının səhnəsində

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 17-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Piter Pen: Yoxlandiyaya səyahət” adlı tamaşa nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşa məşhur isveç nasir-dramaturqu, Nobel mükafatı laureatı Ceyms Barrinin “Piter Pen” pyesi əsasında hazırlanıb.
Balacaların bədii və cizgi filmlərindən tanıyıb sevdiyi bu sehrli qəhrəman və dostlarının sərgüzəştlərinin səhnə həlli teatrın quruluşçu rejissor Anar Məmmədova məxsusdur.
Uşaqlara dürüstlük, humanizm, yardımsevərlik və cəsarət aşılayan tamaşanın əsas ideyası öz gücünə inam və qətiyyətdir.
Fərqli kukla texnikası və işıq həlli ilə tərtib olunan tamaşanın quruluşçu rəssamı Əfşan Əsədovadır. Uşaqları sirli nağıllar dünyasına səsləyən bu quruluşda hərəkətli dekorasiyalar da üstünlük təşkil edir. Müxtəlif mexanizmlərlə işlənmiş kuklalardan hazırlanan birhissəli uşaq tamaşasında obrazları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova, Aygül Ağayeva, Elgün Həmidov, Samirə Nəcəfova, Araz Həsənli və Adil Dəmirov canlandırırlar.
Musiqi tərtibatı əsasında hazırlanan tamaşa balacalara reallıqla nağıl dünyası arasında unudulmaz səyahət vəd edir.

 

Teatr və kino 2022-06-13 14:45:00