×
A
A
A
Sazlamalar

Bir neçə rayonun ərazisində oğurluq edən şəxs tutulub

Bakı, 13 iyun, AZƏRTAC

Bir neçə rayonun ərazisində oğurluqlar edən şəxs Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxs bir qayda olaraq obyektlərə damdan daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Biləsuvar rayonunun Səmədabad kəndindəki mağazalardan birindən oğurluq edilməsi ilə bağlı polisə müraciət daxil olub. Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini Yalçın Abbasov müəyyənləşdirilərək saxlanılıb. Onun həmin mağazaya damdan daxil olaraq oradan 1627 manat pulu, 700 manat dəyərində tütün məmulatlarını və əlavə olaraq bir ədəd elektrik gücləndiricisini oğurladığı məlum olub. Onunla bağlı aparılmış əlavə əməliyyat tədbirləri ilə Y.Abbasovun daha bir neçə rayonda yerləşən mağazalara eyni üsulla daxil olaraq oradan oğurluqlar etdiyi müəyyənləşdirilib.
Faktlarla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-06-13 13:25:00