×
A
A
A
Sazlamalar

Mingəçevirdə dələduzluq yolu ilə vətəndaşların 30 min manata yaxın pulunu mənimsəyən qadın saxlanılıb

Bakı, 13 iyun, AZƏRTAC

Vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran Bakı şəhər sakini Şəlalə İsmayılova saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı məlum olub ki, Şəlalə İsmayılova işə düzəltmə, sosial yardım və pensiya təyin etdirmə vədləri ilə ümumilikdə 10 nəfəri aldadaraq onların 30 min manata yaxın pulunu mənimsəyib. Saxlanılan şəxs əməlini etiraf edib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Şəlalə İsmayılovanın respublikanın digər şəhər və rayonlarında da oxşar cinayətlər törətdiyi istisna olunmur.
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in 102 Xidməti Zəng Mərkəzinə, Mingəçevir Şəhər Polis Şöbəsinə, eləcə də aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər.

 

 

 

Hadisə 2022-06-13 10:57:00