×
A
A
A
Sazlamalar

Bakıda Formula 2 üzrə əsas yarışa start verilib

Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Bakıda Formula 2 üzrə əsas yarışa start verilib.
AZƏRTAC xəbər verir ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 29 dövrə vuracaqlar.
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb. İlk üçlüyü “Carlin” komandasının üzvü Liam Louson və “Hitech Grand Prix” komandasının pilotu Markus Armstronq tamamlayıblar. Estoniyalı pilot Y.Vips sıralanma turunda da birinci olub. Sıralanma turunda “Carlin” komandasının üzvü Liam Louson ikinci, “Prema Racing”in pilotu Dennis Hauqer üçüncü yeri tutublar. "ART Grand Prix" komandasının pilotu Frederik Vesti sprint yürüşündə fərqlənib. “Prema Racing”in üzvü Cehan Daruvala yarışı ikinci, Liam Louson (“Carlin”) isə üçüncü sırada tamamlayıblar.
On dörd mərhələdən ibarət yarışa noyabrın 18-20-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş beş yarışın nəticəsinə görə, pilotların siyahısına “MP Motorsport” komandasının üzvü Felipe Druqoviç 117 xalla başçılıq edir. Komandalar arasında isə “MP Motorsport” 139 xalla birincidir.

İdman 2022-06-12 11:05:00