×
A
A
A
Sazlamalar

Karate üzrə “Şuşa İli”nə həsr olunmuş “Təhsil” Respublika İdman Mərkəzinin respublika birinciliyi keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

Uşaq, yeniyetmə və gənclər arasında 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbində “Şuşa İli” nə həsr olunmuş “Təhsil” Respublika İdman Mərkəzinin karate idman növü üzrə respublika birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Karate Federasiyasının qaydaları əsasında 10-11, 12-13, 14-15, 16-17 yaşlı oğlan və qızlar arasında təşkil olunan yarışa Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəbindən 6 komanda olmaqla 156 nəfər idmançı qatılıb.
Yarışın nəticələrinə əsasən, ümumi hesabda 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi birinci yeri tutub. İkinci pillədə 9 nömrəli uşaq-gənclər idman məktəbinin yığması qərarlaşıb. Üçüncü yerə isə Sumqayıt şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin karateçiləri layiq görülüblər.
Qalib və mükafatçılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla, komandalar kubokla təltif olunub.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd idmançılar arasında vətənpərvərlik hissinin aşılanması, karate idman növünün təbliği və inkişaf etdirilməsi, idmançılar arasında dostluq əlaqələrinin genişləndirilməsi, uşaq, yeniyetmə və gənclər arasında yarış təcrübəsinin artırılması, qeyd olunan yaş qrupları üzrə mərkəzin oğlan və qızlardan ibarət yığma komandasının formalaşdırılmasından ibarət olub.

İdman 2022-06-12 08:16:00