×
A
A
A
Sazlamalar

Avropa çempionatında iştirak edəcək güləş üzrə qızlardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə on yeddi yaşadək qızlar arasında Avropa çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyində ölkəmizi təmsil edəcək qızlardan ibarət milli komandamızın üzvləri ilə iyunun 11-də görüş keçirilib.
Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katib Nəsimi Musayev və qadınlardan ibarət yığma komandanın baş məşqçi əvəzi Rövşən Umudov məsul yarışda iştirak edəcək güləşçilərə inandıqlarını bildirib və onlara uğurlar arzulayıblar.
Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə çempionatda iştirak edəcək komandanın tərkibində altı qız idmançı yer alıb. Buxarestdəki yarışda Elvina Kərimzadə (43 kq), Aysel Məmmədzadə (46 kq), Ruzanna Məmmədova (49 kq), Jasmin Əsgərova (53 kq), Günay Qurbanova (57 kq) və Fatimə İsayeva (65 kq) güləşəcək.
Qeyd edək ki, Avropa çempionatının proqramına əsasən, iyunun 14-də qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti üç gündə isə güləşin bu növündə mübarizə başlayacaq.

İdman 2022-06-11 18:55:00