×
A
A
A
Sazlamalar

Formula 1 Azərbaycan Qran-Prisi: “Aston Martin” komandasının pilotu Lans Stroll mübarizəni dayandırıb

Bakı, 11 iyun, AZƏRTAC
“Aston Martin” komandasının pilotu Lans Stroll Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunda mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, pilotun bolidi sürətlə təhlükəsizlik baryerinə çırpılıb və yararsız hala düşüb.
Yürüş iştirakçıları 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar.
Builki dünya çempionata martın 18-20-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanı, Avstraliya, İtaliya, ABŞ, İspaniya və Monakoda keçirilib. Yeddi mərhələdən sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 125 xal var. Ferstappendən 9 xal geri qalan Şarl Lekler (“Ferrari”) ikinci sırada qərarlaşıb. İlk beşliyi 110 xalla Serxio Peres (“Red Bull Racing”), 84 xalla Corc Rassel (“Mercedes”) və 83 xalla Karlos Saynz (“Ferrari”) tamamlayırlar.
Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (235 xal) komandasıdır. “Ferrari” 199 xalla ikinci, “Mercedes” isə 134 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Maklaren” (59), “Alfa Romeo” (41), “Alpine Reno” (40), “Apfatauri” (17), “Haas Ferrari” (15), “Aston Martin” (7) və “Uilliyams” (3) komandaları qərarlaşıblar.
Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına altıncı dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” - 2017), Lusi Hamilton (“Mercedes” - 2018), Valtteri Bottas və Luis Hamilton (“Mercedes” - 2019), Serxio Peres (“Red Bull Racing” – 2021) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

İdman 2022-06-11 18:41:00