×
A
A
A
Sazlamalar

Ölkəmiz “Annecy” Beynəlxalq Animasiya Film Festivalında təmsil olunacaq

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın “Annecy” Beynəlxalq Animasiya Film Festivalında təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, 13-18 iyun tarixlərində keçiriləcək festivalda ölkəmizi “Animafilm”in təşkilatçıları Rəşid və Nəzrin Ağamalıyevlər, eləcə də rejissor Cavid Əhədov təmsil edəcəklər. Cavid Əhədov 4-cü “Animafilm” festivalının qalibi Firəngiz Qurbanovanın “Birlik” animasiya studiyasının animatorudur. Onun “Annecy”də iştirakı "Birlik" studiyasının 4-cü “Animafilm” festivalının "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatını qazanması sayəsində mümkün olub. Qeyd edək ki, həmin mükafatın sponsorları Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və “Annecy” festivalıdır.
Xatırladaq ki, 5-ci “Animafilm” festivalının müsabiqə proqramına filmlərin qəbulu davam edir. Bu il də festivalda "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə ənənəvi mükafat təqdim ediləcək. Həmin kateqoriya üzrə qalib 2023-cü ildə MIFA adlı peşəkar akkreditasiya əldə edərək Fransada keçiriləcək “Annecy” festivalına qatılacaq. Yerli müəlliflər öz filmləri ilə iyulun 15-nə qədər müraciət edə bilərlər.
Bundan əlavə, 5-ci “Animafilm” festivalının uşaq münsiflər heyətinə də qəbul davam edir. Məhz uşaqların səsverməsi ilə “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi” müsabiqəsinin qalibləri müəyyən olunacaq. Uşaq münsiflər heyətinə seçilmək üçün müraciət iyulun 15-dək davam edəcək.
5-ci “Animafilm” Beynəlxalq Animasiya Festivalı 7-11 sentyabr 2022-ci il tarixlərində keçiriləcək. Builki festivalın mövzusu iqlim dəyişikliyidir.
Təşkilatçıların qərarına əsasən, bilet satışından əldə olunan bütün gəlir ağac əkilməsinə xərclənəcək.

Mədəniyyət 2022-06-11 18:05:00