×
A
A
A
Sazlamalar

Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin nümayəndəsi ilə görüşüb

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinin Birinci Fəxri xiyabanda məzarını ziyarət edib, önünə əklil qoyub və mərhumun ruhuna dualar oxuyub.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daha sonra Qafqaz Müsəlmanları İdarəsində Rus Pravoslav Kilsəsinin rəsmisi ilə görüş keçirilib. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinin vəfatının ildönümü münasibətilə Bakıya təşrif buyurmuş Pyatiqorsk və Çerkessk arxiyepiskopu Feofilaktı qəbul edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Aleksandr Atanın Azərbaycanda dinlərarası münasibətlərin, multikulturalizmin inkişafında, Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin bərqərar olmasında rolundan, Azərbaycanda dinlərarası qardaşlıq və əməkdaşlıq mühitinə töhfələrindən danışıb. Qeyd edib ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein 1998-ci ildə təsis edilmiş Bakı yeparxiyasının yepiskopu, 2012-ci ildən Arxiyepiskop statusunda ali din xadimi kimi səmərəli fəaliyyət göstərib, Azərbaycan cəmiyyətinin ehtiramını qazanıb, dövlətimizin ali mükafatları ilə təltif edilib.
Şeyxülislam A.Paşazadə arxiyepiskop Aleksandrla qardaşlıq münasibətlərini yüksək dəyərləndirdiyini, onun Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoslav Kilsəsi arasında dini-mənəvi əlaqələrin inkişafında böyük rolu olduğunu vurğulayıb. Moskva və bütün Rusiya patriarxı Kirilə salamlarını yetirən QMİ sədri ümidvar olduğunu bildirib ki, bu əlaqələr bundan sonra da davamlı inkişaf edəcəkdir.
Pyatiqorsk və Çerkessk arxiyepiskopu Feofilakt, öz növbəsində, şeyxülislam A.Paşazadəyə mərhum arxiyepiskop Aleksandr həzrətlərinə hər zaman dəstək olduğuna görə təşəkkürlərini bildirək, Rus Pravoslav Kilsəsində həmişə bu amili yüksək dəyərləndirdiklərini ifadə edib. Özünün Qafqaz bölgəsində fəaliyyət göstərdiyini vurğulayan arxiyepiskop Feofilakt A.Paşazadəni Qafqazın ən böyük din xadimi kimi səciyyələndirib. O qeyd edib ki, dünyada xalqları düzgün yola yönəldən belə müdrik və məsuliyyətli din xadimlərinə böyük ehtiyac vardır.

Din 2022-06-11 17:32:00