×
A
A
A
Sazlamalar

Formula 1 üzrə Azərbaycan Qran-Pri yarışları Yaponiya KİV-i tərəfindən geniş işıqlandırılır

Tokio, 11 iyun, AZƏRTAC

İyunun 10-da start götürən Formula 1 Azərbaycan Qran-Pri yarışları Yaponiya KİV-i tərəfindən geniş işıqlandırılır.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın “as-web.jp”, “goal.com/jp/”, “jp.motorsport.com”, “sportingnews.com/jp/”, “formula1-data.com” saytları yarışların ilk günü haqqında xəbərlər və reportajlar yayımlayıb. “ajmedia.jp” portalı isə AZƏRTAC-a istinadla bu mötəbər yarışların gedişini ətraflı işıqlandırıb.
Yapon və ingilis dillərində yayılan məlumatlarda Azərbaycan Qran-Prisinin ilk günündə Formula 1 pilotlarının birinci və ikinci sərbəst yürüşlərdə mübarizə apardığı qeyd edilib. Hər iki yürüşdə pilotların 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışdıqları, birinci sərbəst yürüşü “Red Bull Racing” komandasının pilotu Serxio Peresin lider kimi tamamladığı vurğulanıb. “Ferrari”nin üzvü Şarl Leklerin ikinci, “Red Bull Racing”in digər pilotu Maks Ferstappenin isə üçüncü olduğu qeyd edilib. İkinci sərbəst yürüşdə “Ferrari”nin pilotu Ş.Leklerin birinci, “Red Bull Racing” komandasının üzvləri Serxio Peres və Maks Ferstappenin ilk üçlükdə yer aldıqları oxucuların diqqətinə çatdırılıb.
İyunun 11-də pilotların düzülüşünü müəyyənləşdirəcək yarışın keçiriləcəyi barədə də izləyicilərə məlumat verilib. Formula 1 Azərbaycan Qran-Prisinin qalibinin iyunun 12-də müəyyənləşəcəyi qeyd edilib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

İdman 2022-06-11 16:31:00