×
A
A
A
Sazlamalar

Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başlayıb

Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də saat 15:00-da Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.
“Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Çarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Nikolas Latifi yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Mik Şumaxer və Kevin Maqnussen “Haas”, Sebastian Fettel və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar.

Birinci sərbəst yürüşü “Red Bull Racing”in pilotu Serxio Peres lider kimi tamamlayıb. “Ferrari”nin üzvü Şarl Lekler ikinci, “Red Bull Racing”in digər pilotu Maks Ferstappen isə üçüncü olublar. İkinci sərbəst yürüşdə “Ferrari”nin pilotu Ş.Lekler birinci olub. “Red Bull Racing” komandasının üzvləri Serxio Peres və Maks Ferstappen ilk üçlükdə yer alıblar.

Builki dünya çempionata martın 18-20-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanı, Avstraliya, İtaliya, ABŞ, İspaniya və Monakoda keçirilib. Yeddi mərhələdən sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 125 xal var. Ferstappendən 9 xal geri qalan Şarl Lekler (“Ferrari”) ikinci sırada qərarlaşıb. İlk beşliyi 110 xalla Serxio Peres (“Red Bull Racing”), 84 xalla Corc Rassel (“Mercedes”) və 83 xalla Karlos Saynz (“Ferrari”) tamamlayırlar.

Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (235 xal) komandasıdır. “Ferrari” 199 xalla ikinci, “Mercedes” isə 134 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Maklaren” (59), “Alfa Romeo” (41), “Alpine Reno” (40), “Apfatauri” (17), “Haas Ferrari” (15), “Aston Martin” (7) və “Uilliyams” (3) komandaları qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına altıncı dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” - 2017), Lusi Hamilton (“Mercedes” - 2018), Valtteri Bottas və Luis Hamilton (“Mercedes” - 2019), Serxio Peres (“Red Bull Racing” – 2021) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

İdman 2022-06-11 15:02:00