×
A
A
A
Sazlamalar

Bəhruz Nəbiyev: Artıq biz qalib dövlətin vətəndaşlarıyıq və Qarabağ atları indi öz torpaqlarına qayıdıb

İstanbul, 10 iyun, AZƏRTAC

Artıq bildiyimiz kimi, Etnospor Mədəniyyət Festivalı bu il bu həcmdə beşinci dəfədir keçirilir. Azərbaycan bu festivalda bu il ikinci dəfə təmsil olunur. Bundan əvvəlki iştirakımız 2019-cu ildə oldu. O vaxt Qarabağ problemi hələ davam edirdi və Qarabağ torpağı qədər atları da bizim yaralı yerimiz idi. Lakin, artıq bu il biz qürur, fəxr hissi ilə Qarabağı dünyaya çatdırırıq. Çünki, artıq biz qalib dövlətin vətəndaşlarıyıq və Qarabağ atları indi öz torpaqlarına qayıdıb. Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Atçılıq Federasiyasının Baş katibi Bəhruz Nəbiyev bildirib.
Bundan əvvəl Qarabağ atlarının İngiltərədə kraliyyət tədbirlərində iştirak etdiyini xatırladan Bəhruz Nəbiyev deyib: “O tədbirə biz alın açıqlığı ilə getdik. Çünki, artıq Qarabağ məsələsi Azərbaycan üçün bir problem deyil. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa indi öz sahibləri geri dönüblər”.
Builki festivalda ölkəmizin Dövlət Sərhəd Xidmətinin 60 nəfərlik heyəti ilə təmsil olunduğunu deyən müsahib bildirib: “Ölkəmizdən tədbirə 13 baş at gətirilib. Onlardan biri Dilbaz atıdır. O da Azərbaycanın təbii ki, ən qədim və dəyərli at növlərindən biridir. Digər 12 at isə Qarabağ cinsinə məxsusdur. Festivalda ölkəmizin altı dəqiqəlik çox gözəl “Odlar yurdu” adlı kompozisiyası təqdim olunur. Çıxışlar izləyicilər tərəfindən çox böyük maraqla qarşılanır. Bizim kompozisiya özündə Azərbaycan milli geyimlərini, rəqslərini və eyni zamanda, milli atlarımız üzərində igidlik nömrələrini birləşdirib”.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Mədəniyyət 2022-06-10 18:44:00