×
A
A
A
Sazlamalar

MDB Gənclər Parlamentlərarası Forumunun və Assambleyasının iclası keçirilib

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 9-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Gənclər Parlamentlərarası Forumu keçirilib.
Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Tavriya sarayında keçirilən tədbirə Milli Məclisin deputatı, MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru Emin Hacıyev sədrlik edib.
Emin Hacıyev iclası açaraq diqqətə çatdırıb ki, Forumda “Gənc parlamentarilər – MDB-nin gələcəyinə baxış” mövzusunda müzakirələr aparılacaq. O, cari ilin öz 10 illiyini qeyd edən MDB Gənclər Parlamentlərarası Assambleyası və 30 illiyini qeyd edən MDB Parlamentlərarası Assambleyası üçün əlamətdar olduğunu bildirib. Bu yubileylər münasibətilə Forum çərçivəsində təşkil olunmuş tədbirlər və digər mövzularda keçiriləcək toplantılar barədə məlumat verib.
İclasda MDB-yə üzv dövlətlərin parlament sədrlərinin MDB Gənclər Parlamentlərarası Forumunun iştirakçılarına salamlama nitqləri səsləndirilib.
Milli Məclisin sədri Sahibə Qafarovanın Forum iştirakçılarına ünvanladığı salamlama nitqini Emin Hacıyev diqqətə çatdırıb.
Tədbirə sədrlik edən Emin Hacıyev bildirib ki, Forumun əsas vəzifələri parlamentlərarası gənclər əməkdaşlığının inkişafı istiqamətində, habelə gənclərin hüquq və maraqlarını əhatə edən beynəlxalq gənclər siyasəti və qanunvericilik fəaliyyəti sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasıdır.
İclasda MDB İcraiyyə Komitəsi tərəfindən Müstəqil Dövlətlər Birliyində beynəlxalq gənclər əməkdaşlığına həsr olunmuş məruzə təqdim edilib.
Sonra Forum öz işini müxtəlif mövzularda seksiyalarla davam etdirib.
Forum çərçivəsində təşkil olunmuş dəyirmi masalarda MDB-də gənclər parlamentarizmi: gənclər parlament strukturlarının təcrübəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Gənclərin ictimai diplomatiyası: regionlararası əməkdaşlıq, MDB ölkələrinin ortaq maraqları və digər mövzularda məruzələr dinlənilib.
Tədbirə onlayn formatda qoşulan Milli Məclisin deputatı Nigar Arpadarai Gənclər siyasəti, gənclərin hüquqlarının və maraqlarının təmin edilməsi sahəsində qanunvericiliyin aktual istiqamətləri mövzusunda çıxış edib.

* * *

İyunun 10-da isə Milli Məclisin deputatı Emin Hacıyevin koordinatoru olduğu MDB Gənclər Parlamentlərarası Assambleyasının 18-ci iclası keçirilib.
İclasda MDB-yə üzv ölkələrdə “Mənim nəsil şəcərəm” müsabiqəsinin keçirilməsi, dövlət gənclər siyasəti məsələlərinə dair milli qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması üzrə tövsiyələrin hazırlanması, bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.
Milli Məclisin deputatı Könül Nurullayeva tədbirə onlayn formatda qoşularaq mədəni irsin qorunması və xalq yaradıcılığının inkişafında gənclərin rolu mövzusunda fikirlərini bölüşüb.
Bununla MDB Gənclər Parlamentlərarası Assambleyasının tədbirləri başa çatıb.

Xarici siyasət 2022-06-10 13:54:00