×
A
A
A
Sazlamalar

Mətbəxdə qida təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tövsiyələr

Bakı, 9 iyun, AZƏRTAC
Mətbəxdə qida təhlükəsizliyinin təmin edilməsi üçün bir çox qaydalara riayət olunmalıdır. Əksər mikroorqanizmlər xəstəlik törətməsə də, təhlükəli mikroorqanizmlər torpaqda, suda və bütün canlılarda geniş yayılıb. Həmin mikroorqanizmlər əl, dəsmal, qab-qacaq, xüsusən kəsici taxtalarda daşınır, ən kiçik təmasda belə onlar qidaya keçə və yoluxucu xəstəliklərə səbəb ola bilərlər. Ona görə də ilk növbədə qida ilə işləməzdən əvvəl və yemək hazırlayarkən əlləri tez-tez yumaq lazımdır. Yemək hazırlamaq üçün istifadə olunan bütün səthlər və avadanlıqlar yuyulmalı, dezinfeksiya edilməlidir. Mətbəx sahələri və yeməklər həşəratlardan, zərərvericilərdən və digər heyvanlardan qorunmalıdır.
Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun AZƏRTAC-a ünvanlandığı materialda bəhs olunur.
Çiy qida ilə hazır qidanın ayrı saxlanılması da zəruri şərtdir. Çiy qidalar, xüsusən ət, quş əti, dəniz məhsulları və onların şirələrində qidanın hazırlanması və ya saxlanması zamanı başqa qidalara keçə bilən təhlükəli mikroorqanizmlər ola bilər. Çiy qidaları bişmiş qidalardan ayrı saxlamaq mikroorqanizmlərin yayılmasının, çapraz çirklənmənin qarşısını alır. Çiy qida ilə bişmiş qida arasında təmasın qarşısını almaq üçün qidalar qapaqlı qablarda saxlanmalıdır. Çiy qida üçün istifadə olunan qablar yuyulmalı, hazır yeməklər üçün təmiz qablardan istifadə edilməlidir.
Çiy, az bişmiş və ya təmiz yuyulmamış qida məhsulları “Salmonella”, “Clostridium perfringens”, “Campylobacter”, “Staphylococcus aureus”, “E. Coli” və “Listeria monocytogenes” kimi çoxlu sayda bakteriya ehtiva edə bilir. Bu halda onların istehlakı sağlamlığa zərər verə bilər.
Mikrodalğalı sobalarda qidaların isidilməsi də xüsusi diqqət tələb edən prosesdir. Belə ki, mikrodalğalı sobalarda istilik qeyri-bərabər ola bilir və təhlükəli bakteriyaların yaşaya biləcəyi bişməmiş hissələr qala bilir. Eləcə də bəzi plastik qablar qızdırıldıqda zəhərli kimyəvi maddələr buraxır və mikrodalğalı sobalarda istifadə edilməməlidir.
Digər zəruri şərt qida məhsullarının təhlükəsiz temperaturda saxlanılmasıdır. Soyuq mühit bakteriyaların böyüməsini ləngidir. Bununla belə, soyuducu və ya dondurucuda saxlanıldıqda da bakteriyalar çox vaxt inkişaf edə bilər. Artıq qalan yeməklər düzgün şəkildə soyudulmalı və saxlanılmalıdır. Qalan yeməklər soyuducuda 3 gündən çox saxlanılmamalı və bir dəfədən artıq qızdırılmamalıdır. Bişmiş yeməkləri otaq temperaturunda 2 saatdan çox saxlamaq məsləhət deyil.
Mətbəxdə qida təhlükəsizliyinin təmin edilməsində təmiz su və təmiz ərzaqdan istifadə edilməsi başlıca şərtlərdəndir. Eyni zamanda təhlükəsizlik üçün pasterizə edilmiş süd kimi emal edilmiş qidalar seçilməli, meyvə və tərəvəzlər, xüsusən çiy yeyilirsə, yaxşıca yuyulmalıdır. Qidalar yararlılıq müddəti bitdikdən sonra istifadə edilməməlidir.

Sağlamlıq klubu 2022-06-09 19:02:00