×
A
A
A
Sazlamalar

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında təmsil olunur

Bakı, 8 iyun, AZƏRTAC

Ruandanın Kiqali şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı işə başlayıb. Konfransda ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konfrans çərçivəsində telekommunikasiya və İKT sahəsinin inkişafı ilə bağlı strategiya və məqsədlər, habelə bu məqsədlərə nail olmaq üçün layihə və proqramlar ətrafında fikir mübadiləsi aparılır. Eyni zamanda, dünya miqyasında telekommunikasiya sahəsində tənzimləmə mexanizmlərinin, qaydalarının təkmilləşdirilməsini, xüsusən də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasını sürətləndirəcək yeni qərarlar müzakirə edilir.
BTİ-yə üzv 193 ölkədən 2 minə yaxın nümayəndənin iştirak etdiyi builki konfrans “Davamlı inkişafa nail olmaq üçün internetə qoşulmayanları qoşmaq” mövzusuna həsr olunub.
Həmçinin konfrans çərçivəsində “Partner2Connect” adlı Rəqəmli İnkişaf üzrə dəyirmi masa təşkil edilib. Azərbaycan adıçəkilən platforma üzrə Rəqəmsal transformasiya konsepsiyası və “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası ilə bağlı iki öhdəlik bəyan edib. Toplantı zamanı nazir müavini Rövşən Rüstəmov yüksək səviyyəli məruzəçi qismində çıxış edərək, innovasiyaların inkişafında hərəkətverici qüvvə kimi rəqəmsal transformasiyanın vacibliyini vurğulayıb, ölkədə rəqəmsal inkişafa dair məlumat verib. Həmçinin 2-ci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin tətbiqi ilə ucqar ərazilərin rəqəmsal iqtisadiyyata inteqrasiyasının, ölkədə rəqəmsal fərqin azaldılmasının hədəfləndiyi iştirakçıların diqqətinə çatdırılıb.
Konfrans zamanı Azərbaycanın BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun tədqiqat qruplarının rəhbər vəzifələrinə namizədliyi təsdiqlənib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Xəyalə Paşazadə BTİ-nin Telekommunikasiyanın İnkişaf Bürosunun 1 saylı Tədqiqat Qrupunun sədr müavinliyinə və Texnoloji inkişaf şöbəsinin əməkdaşı Müşfiq Quluyev isə 2 saylı Tədqiqat Qrupunun sədr müavinliyinə təyin edilib.
Tədbir çərçivəsində nümayəndə heyətinin Şərqi Timor, Kuba, Anqola, Samoa, Tanzaniya, Nepal, Qambiya, Somali, Burkino Faso və Seneqalın sahə üzrə nazirləri və digər yüksək səviyyəli rəsmiləri, həmçinin BTİ-nin Baş katibi və təşkilatın Büro direktorları ilə görüşləri keçirilib. Görüşlər zamanı BTİ çərçivəsində əməkdaşlıq üzrə perspektivlər və BTİ-nin növbəti Səlahiyyətli Konfransı çərçivəsində keçiriləcək seçkilərdə Azərbaycanın BTİ Şurası və Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədlikləri barədə müzakirələr aparılıb.
Tədbir zamanı, həmçinin Azərbaycanın ev sahibliyi ilə rəsmi qəbul təşkil olunub.

İKT 2022-06-08 19:15:00