“ZƏFƏR 2022 mini Bootcamp” veb proqramlaşdırma təlimləri uğurla başa çatıb
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Dövlət iqtisad Universitetində (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK), Ömürboyu Təhsil Mərkəzi və “Coders Azerbaijan” veb-proqramlaşdırma mərkəzinin birgə təşkil etdiyi “ZƏFƏR 2022 mini Bootcamp” adlı təlimləri uğurla başa çatıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, 16 dərsdən ibarət olan “ZƏFƏR 2022 mini Bootcamp” tələbələrin texnologiya sahəsində inkişafına, gələcəkdə bu sahədə uğurlu olmalarına dəstək göstərmək məqsədilə keçirilib. Müraciət edən tələbələr arasından 25 nəfər təlimdə iştirak etmək hüququ qazanıb. Ödənişsiz keçən təlimlərdə tələbələr Harvard Universitetinin professoru tərəfindən hazırlanmış “CS50x” proqramını öyrəniblər. Tədris olunan bilik və bacarıqlara əsaslanan yekun layihə üçün verilmiş tapşırığı ən yaxşı həll edən 17 iştirakçı isə final mərhələsinə vəsiqə qazanıb.
Finalda Rəqəmsal iqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi Sahil Nəcəfov I yeri qazanıb. İkinci yerin qalibi Maliyyə və mühasibat fakültəsinin tələbəsi Baba İbrahimov, III yerin qalibi isə Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbəsi Səma Xələfova olub.
Birinci yerin qalibi UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən növbəti kurs üçün 100 faiz endirim kuponu və “Coders Azerbaijan” proqramlaşdırma mərkəzi tərəfindən 500 manatlıq kupon, II yerin qalibi müvafiq olaraq növbəti kurs üçün 50 faiz endirim kuponu və proqramlaşdırma mərkəzi tərəfindən 300 manatlıq kupon, III yerin qalibi isə növbəti kurs üçün 30 faiz endirim kuponu və proqramlaşdırma mərkəzi tərəfindən 100 manatlıq kupon əldə edib.
Final mərhələsində iştirak edən digər 14 iştirakçıya isə sertifikatlar verilib.
Sonda qaliblərə mükafatlar təqdim olunub.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib