×
A
A
A
Sazlamalar

Vətəndaşlar yol hərəkətində yaranan müvəqqəti çətinliklərə təmkinlə yanaşmalı, ölkəmizin imicini yüksək tutmalıdır

Bakı, 7 iyun, AZƏRTAC

Formula 1 yarışı ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində təhlükəsizliyin təmini üçün avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi əvvəlcədən avtobusların yeni hərəkət sxemini açıqlayıb, vətəndaşların ictimai nəqliyyatdan istifadəsinə dair çağırışlar edib. Avtobusların müvəqqəti təşkil edilən hərəkət sxemləri vətəndaşlara mənzilbaşına rahat çatmaq imkanı yaradır.
Hazırda şəxsi nəqliyyatdan istifadə paytaxt yollarında tıxaclar yaratmaqla yanaşı, eyni zamanda, yolda yubanmalara gətirib çıxarır. Nəzərə alsaq ki, ictimai nəqliyyatla gün ərzində yüz minlərlə insan daşınır, o zaman şəxsi avtomobillərdən istifadənin avtobus sərnişinlərinə yaratdığı çətinliyi anlamaq olar.
Azərbaycan, xüsusilə də paytaxt Bakı artıq mötəbər idman yarışlarına, mədəni tədbirlərə, beynəlxalq konfranslara ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin dünyada tanıdılmasında mühüm rola malikdir. Bu səbəbdən vətəndaşlar yol hərəkətində yaranan müvəqqəti çətinliklərə təmkinlə yanaşmalı, ölkəmizin imicini hər zaman yüksək tutmalıdır.
Xatırladaq ki, iyunun 6-da gecə saat 01:00-dan etibarən Bakıda 20 marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişikliklər edilib. Bunlara 1, 2, 4, 10, 46, M3, H1, 5, 88, 6, 18, 31, 37, 77, 53, 125, 127, 61, 65, 205 nömrəli avtobuslar aiddir.

Nəqliyyat 2022-06-07 19:14:00