İnnovasiyalı müəssisələrin formalaşması xüsusiyyətləri tədqiq olunur
Bakı, 7 iyun, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “İnnovasiyalı müəssisələrin formalaşması xüsusiyyətləri və inkişafı problemləri” mövzusunda məruzə dinlənilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məruzəni təqdim edən institutun əməkdaşı Nuranə Xosuzadə innovasiyaya və biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında beynəlxalq və yerli bazarlara yüksəkkeyfiyyətli və rəqabətədavamlı informasiya texnologiyaları məhsullarının çıxarılması, startapların, yüksək texnologiya parklarının, elmi-texnoloji və innovativ elm-sənaye texnoparklarının yaradılmasının mühüm rol oynadığını bildirib.
Texnoparkların əsas fəaliyyət istiqamətlərindən bəhs edən məruzəçi onun innovasiya sahibkarlığının inkişafı, ən yaxşı elmi-texniki nailiyyətlərin mənimsənilməsi, əhalinin yüksək həyat səviyyəsinin təminatı, xarici ölkələrdə elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil, mədəniyyət, ticarət sahələrində elmi-texnopark strukturları ilə əməkdaşlıq, yüksəkixtisaslı kadrların hazırlanması üzrə tədbirlərin görülməsi kimi istiqamətlərini qeyd edib.
Texnoparkların innovativ, elm və biznes şəbəkəsinin yaradılması, innovativ fəaliyyət üçün şəraitin hazırlanması, biliyin toplanması və innovativ yönümlü layihələrdə, müasir informasiya texnologıyaları şəbəkələrinin tətbiqi və s. kimi fəaliyyət xüsusiyyətləri olduğunu diqqətə çatdıran N.Xosuzadə texnoparkların yaradılmasının əsas məqsədlərini də diqqətə çatdırıb. Onun sözlərinə görə, sənaye-texnoloji parkları yeni məhsul və texnologiya istehsalı üçün istehsal sahələrini, binaları, qurğu və avadanlığı müvəqqəti istifadəyə verməklə kommersiya fəaliyyətləri ilə məşğul olur. Məruzəçi sənaye parkları ilə yanaşı, müəyyən coğrafi ərazidə olmaqla, bir-birindən asılı sahələrin inkişafına kömək edən və qarşılıqlı əlaqədə olan müəssisələrin birgə fəaliyyəti nəticəsində formalaşan arealların yaradıldığını da bildirib. N.Xosuzadə əlavə edib ki, texnopolislərin məqsədi mümkün texniki-texnoloji mərkəzləri vahid yüksək texnoloji infrastruktur mühitində birləşdirmək və daha yüksək innovativ nəticələrin alınmasına nail olmaqdır.
Məruzəçinin sözlərinə görə, texnoparkların səmərəli fəaliyyəti üçün müvafiq idarəetmə sistemi, təşkilati-iqtisadi struktur yaradılmalı, innovativ elm-sənaye texnoparklarının perspektiv inkişaf istiqamətləri beynəlxalq səviyyəyə uyğun şəkildə müəyyənləşdirilməli, onun fəaliyyət modeli və effektiv informasiya təminatı sistemi işlənilməlidir.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib