×
A
A
A
Sazlamalar

İslamabad–Bakı arasında birbaşa uçuşlara start verilib

Bakı, 6 iyun, AZƏRTAC

Cari il iyunun 6-dan etibarən Pakistanın paytaxtı İslamabad şəhərindən Bakıya birbaşa uçuşlara start verilib.
Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə İslamabad Beynəlxalq Hava Limanında rəsmi tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Beynəlxalq Hava Yollarının (PIA) baş icraçı direktoru Məhəmməd Əmir Həyat, PIA rəsmiləri, eləcə də birbaşa reysin ilk sərnişinləri iştirak ediblər.
Tədbirin sonunda birbaşa uçuşun başlaması münasibətilə hazırlanmış rəmzi tort kəsilib və xatirə şəkilləri çəkilib.
Uçuşlar ilkin olaraq hər həftənin bazar ertəsi günü İslamabaddan, cümə günü isə Bakıdan həyata keçiriləcək.
Qeyd edək ki, İslamabadla yanaşı, PIA 2022-ci ilin mart ayından etibarən Pakistanın digər iki böyük şəhərindən – Karaçi (həftədə bir dəfə) və Lahordan (həftədə iki dəfə) paytaxt Bakıya birbaşa uçuşlara start verib.

Nəqliyyat 2022-06-06 18:57:00