×
A
A
A
Sazlamalar

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 46 narkotacir tutulub, onlarda 101 kiloqram narkotik maddə aşkarlanıb VİDEO

Bakı, 2 iyun, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları paytaxt və bölgələrdə son iyirmi gün ərzində keçirdikləri genişmiqyaslı əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin daha 46 üzvü saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxslərdən ümumilikdə 101 kiloqram narkotik vasitə və psixotrop maddə, 6604 psixotrop tərkibli həb, 500 kultivasiya edilmiş çətənə kolu, həmçinin üç müxtəlif markalı tapança, 70 patron və patron daraqları aşkarlanıb.
Daxil olmuş məlumat əsasında Xətai, Yasamal və Yardımlı rayonlarında keçirilən əməliyyatlar zamanı Ramin Mirzəyev, Məhəmməd Zərbəlizadə, Ülvü Bağırlı və Əmrah Süleymanlı tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 67 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 33 kiloqram heroin, 12 kiloqram metamfetamin, 12 kiloqram tiryək, 10 kiloqram marixuana, elektron tərəzilər və narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri aşkar edilib. Məhəmməd Zərbəlizadədən əlavə olaraq bir tapança və patron darağı da aşkarlanaraq götürülüb.
Paytaxtın Nizami və Səbail rayonlarında keçirilən əməliyyatlar zamanı isə silahlı narkotacirlər - Fərid Abbaszadə , Təbriz Rahmanov və qardaşı Pərviz Rahmanov tutulublar. Onlardan 10 kiloqram müxtəlif xassəli narkotik vasitə, 2 ədəd tapança, patonlar, 4 ədəd qaz balonu və narkotiklərin satışından əldə olunan 24 min manat pul aşkarlanaraq götürülüb.
Həmin yeddi nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri Azərbaycan ərazisində qəbul edərək satışı təşkil etməli imişlər. Onların məqsədi narkotik vasitələri satmaqla yanaşı, milli genefondumuzu məhv etmək üçün əsasən gəncləri narkokuryerliyə cəlb etmək olub.
Baş İdarənin paytaxt, eləcə də respublikanın digər bölgələrində həyata keçirdiyi əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 39 nəfər saxlanılıb. Onlardan 24 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar və xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları aşkarlanıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

 

 

 

Hadisə 2022-06-02 17:46:00

Video