×
A
A
A
Sazlamalar

Kalsium mənbəyi sayılan südə qarşı hiperhəssaslığı olanlar da var

Bakı, 2 iyun, AZƏRTAC

Süd insan nəslinin formalaşmasında, uşaqların sağlam inkişafında böyük əhəmiyyətə malikdir. Süd bir sıra xəstəliklərin dərmanı olduğuna görə həkimlər onu “həyat şirəsi” adlandırırlar.
Tərkibi müxtəlif minerallarla, faydalı mikroelementlərlə zəngin süd xeyirli qidalardan hesab olunur. Mütəxəssislər də südü daha çox kalsium mənbəyi kimi qəbul edirlər. Lakin təkcə süd içməklə kalsium tələbatını ödəmək olmaz.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Xumar Novruzova deyib: “Qidada kifayət qədər kalsium olmalıdır, lakin onun yanında mütləq D vitamin, fosfor, maqnezium kimi mikroelementlərin olması vacibdir. Onlar çatışmadıqda istər dərman, istərsə də süd məhsulu şəklində istənilən miqdarda kalsium qəbul etmək olar. Lakin onun orqanizm üçün faydası çox az olacaq, hətta bəzən zərəri də dəyə bilər”.
Araşdırmalar göstərir ki, süd heç də hamının ağız dadına uyğun deyil. Bəzən süd içəndən sonra özlərini narahat hiss edənlər də olur. Buna aydınlıq gətirən həkim-terapevt deyib: “Müəyyən qisim insanlarda inək südü zülalına qarşı hiperhəssaslıq, yəni allergiya olur. Onlar süd qəbul edəndə diareya, qarın ağrısı, köp hissi, ürəkbulanma, qusma, hətta dərinin səpməsi kimi şikayətlər ola bilər. İnsanların bir hissəsində genetik olaraq südün tərkibindəki laktozanı həzm etməmək xüsusiyyəti olur, yəni nazik bağırsaqlardakı fermentlər südü parçalaya bilmir və azacıq süd məhsulunun qəbulu da diareya, qusma, ürəkbulanma, köpmə kimi şikayətlərlə müşayiət olunur”.
Bəzən rahat yuxuya getmək üçün yatmazdan əvvəl süd içirlər. Mütəxəssislər bunun doğru olduğunu bildirsələr də, yaşlılara yatarkən süd içmək tövsiyə edilmir.

Səhiyyə 2022-06-02 11:57:00