×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda yerləşən sığınacaqda azyaşlı uşaqlara fiziki zorakılıq edilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bakı, 2 iyun, AZƏRTAC
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda müxtəlif dövlət orqanlarının iştirakı ilə mayın 10-da keçirilmiş monitorinq zamanı uşaqların bədənində xəsarət izlərinin aşkarlanması ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Sabunçu Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla həmin sığınacaqda 2022-ci il fevralın sonundan mayın əvvəlinə qədər saxlanılmış C.M-in (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.

Hadisə 2022-06-02 11:45:00