×
A
A
A
Sazlamalar

“Bakı Metropoliteni”: “TEKNOFEST” günlərində sərnişindaşımada artım müşahidə olunub

Bakı, 1 iyun, AZƏRTAC
Türkiyənin qısa müddət ərzində kifayət qədər böyük nüfuz qazanmış “TEKNOFEST” Aerokosmos və texnologiya festivalı may ayının 26-29-da ilk dəfə Azərbaycanda keçirilib. Festivala xüsusi marağı nəzərə alaraq, Bakı metrosunun iş rejimində müvafiq dəyişikliklər edilib.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərin keçirildiyi məkanlara aparan yerüstü ictimai nəqliyyat qovşağı seçilmiş “28 May”, habelə Dənizkənarı bulvarın yaxınlığında yerləşən “Sahil” və “İçərişəhər” stansiyaları növbətçilik cədvəli əsasında daim əlavə işçi qüvvəsi ayrılmaqla xüsusi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Festivalın təşkilat komitəsi ilə qarşılıqlı əməkdaşlıq şəraitində hər üç stansiyada könüllülər ikinövbəli iş rejimində sərnişinlərə səmti rahat müəyyənləşdirməsinə və digər faydalı məlumatları əldə etməsinə yardımçı olublar.
Onu da xüsusi vurğulamaq lazımdır ki, bayram və istirahət günləri olan mayın 28 və 29 -da metropolitenin əsas xətlərində qatarların hərəkəti adi iş günlərindəki kimi optimal qrafik üzrə təmin edilib. Zərurət yarandığı hallarda xətlərə ehtiyat qatarlar buraxılıb.
Dörd gün ərzində sərnişinlərin metropolitendən istifadəsində artım müşahidə olunub. Hər festival günündə orta statistik hesablamalara əsasən, əvvəlki həftənin eyni günləri ilə müqayisədə, 45-50 min artıq sərnişin yeraltı ictimai nəqliyyatdan istifadə edib. Bunun 50 faizdən çoxu məhz xüsusi gücləndirilmiş iş rejimində çalışan 3 stansiyanın payına düşüb.
Mayda 18 milyon 117 min 631, ayın bütün günləri nəzərə alınmaqla isə hər gün orta hesabla 584 min 440 sərnişin metropolitenin xidmətindən istifadə edib. Bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları ilə pandemiya dövründə yumşalmaların tətbiq edildiyi 2022-ci il ərzində metropoliten üçün aylıq ən yüksək daşıma göstəricisi hesab olunur.
Onu da əlavə edək ki, rəsmi istirahət elan edilmiş bayram günləri olmayan aprel ayında yeraltı ictimai sərnişin nəqliyyatının daşınma xidmətinə müraciət edənlərin ümumi sayı 17 milyon 448 min 521 sərnişin təşkil edib

Nəqliyyat 2022-06-01 20:32:00