×
A
A
A
Sazlamalar

Pekində karantin rejimi yumşaldılıb

Pekin, 29 may, AZƏRTAC
COVID-19 virusuna yoluxmaların çoxalması səbəbindən təxminən bir ay ərzində sərt qadağa və məhdudiyyətlərin tətbiq olunduğu Pekində karantin rejimi bir qədər yumşaldılıb.
AZƏRTAC Pekin meriyasının məlumatına istinadla xəbər verir ki, son 6 gündə sutkalıq yoluxmaların azalma tendensiyası əsas götürülərək yumşalma qərarı verilib. Paytaxtın 16 rayonundan səkkizində son 3 sutka virusa yoluxma aşkarlanmayıb. Çin Kommunist Partiyası Pekin komitəsinin rəsmisi Su Hecien bildirib ki, paytaxt hazırda epidemiya ilə fövqəladə mübarizə vəziyyətindən mütəmadi nəzarət və profilaktika mərhələsinə keçidin vacib mərhələsini yaşayır.
Hökumət şəhərin müxtəlif zonalarındakı epidemik vəziyyətdən asılı olaraq fərqli karantin tədbirlərinin tətbiqinə qərar verib. Belə ki, mayın 29-dan etibarən Fanşan və Şunyi rayonlarının sakinlərinə ofislərdə işləməyə icazə verilib, Çaoyan və Toncou rayonlarında iş yerlərində əməkdaş sayına qoyulan məhdudiyyət yüngülləşdirilib. İctimai nəqliyyatın və taksilərin fəaliyyəti riskli zonalar istisna olmaqla bərpa edilib. Yumşalmalara baxmayaraq, məktəblərdə əyani tədrisin təşkilinə, kafe və restoranlarda yerində xidmətlərin göstərilməsinə qoyulan qadağa qüvvədə saxlanılıb. Tədris mərkəzlərinin, internet-kafelərin, əyləncə mərkəzlərinin fəaliyyətinin bərpası qarşıdakı günlərdə nəzərdə tutulub. Qapalı və nəzarət olunan zonalardan kənardakı ticarət mərkəzləri müştəri izdihamına yol verməmək şərtilə mayın 29-dan fəaliyyətini bərpa edib. Son bir həftə ərzində yoluxma aşkarlanmayan rayonlarda kitabxana, muzey, kinoteatr və qalereyaların, digər mədəniyyət və idman obyektlərinin fəaliyyətinə icazə verilib. Həmin obyektlər potensialının yarısı həcmində ziyarətçi qəbul edə bilər.
Qeyd edək ki, Çində COVID-19 pandemiyasının “omikron” dalğasında aprelin 22-dən paytaxt Pekində virusa sutkalıq yoluxmalar çoxalmağa başlayıb. Virusla mübarizə tədbirləri çərçivəsində mayın 1-dən etibarən şəhərdə sərt karantin rejiminin tətbiqinə başlanılıb. Sonradan karantin rejimi bir neçə dəfə sərtləşdirilib, yeni qadağa və məhdudiyyətlərin tətbiqinə başlanılıb. Ötən sutka Pekində 14, aprelin 22-dən bəri isə ümumilikdə 1730 yoluxma aşkarlanıb. Hazırda Pekində 7 yüksək, 16 orta riskli zona var.


Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2022-05-29 15:53:00