×
A
A
A
Sazlamalar

ABŞ-ın dövlət katibi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Vaşinqton, 28 may, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib.
Dövlət Departamentinin saytında yerləşdirilən təbrik mesajında deyilir ki, bu il iki ölkə ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edir. Qeyd olunur ki, Azərbaycanın müstəqillik əldə etməsindən arxada qalan otuz il ərzində ABŞ və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təşviqində, transmilli təhdidlərlə mübarizədə, ikitərəfli ticarət və investisiyaların inkişafı sahəsində güclü tərəfdaşlara çevrilib.
T.Blinken rəsmi Vaşinqton tərəfindən Azərbaycanın terror və qanunsuz ticarət şəbəkələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfəni, habelə Ukraynaya göstərdiyi dəstəyi, xüsusilə də humanitar yardım göstərməsini yüksək qiymətləndirdiyini vurğulayıb.
“Birləşmiş Ştatlar təkcə güclü iqtisadi əlaqələr vasitəsilə deyil, həm də xalqlararası əlaqələrin inkişafı vasitəsilə əlaqələrimizi genişləndirməkdə davam etməkdən qürur duyur. Minlərlə Azərbaycan və Amerika vətəndaşı birlikdə çalışıb, təhsil alıb və yenilik, əməkdaşlıq etmək, bir-birindən öyrənmək imkanı qazanıblar”, - deyə təbrik mesajında qeyd edilib.
Bildirilib ki, ABŞ Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlıdır.

AZƏRTAC-ın Vaşinqton bürosu

 

Siyasət 2022-05-28 19:15:00