×
A
A
A
Sazlamalar

Region gəncləri Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər

Bakı, 28 may, AZƏRTAC

28 May – Müstəqillik Gününün 104-cü ildönümünü region gəncləri silsilə tədbirlərlə qeyd ediblər.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
Nümayəndəliklərin əməkdaşları və rayon gəncləri müasir dövlətçiliyimizin banisi ulu öndər Heydər Əliyevin şəhər və rayon mərkəzlərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Respublikamızın qərb bölgəsində fəaliyyət göstərən nümayəndəliklərin təşkilatçılığı ilə gənclərin Gəncə şəhərindəki Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə ekskursiyası təşkil olunub.
Silsilə tədbirlər çərçivəsində konfranslar, görüşlər təşkil olunaraq bu günün müstəqil dövlətçilik əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşməsi baxımından mühüm əhəmiyyəti gənclərə çatdırılıb, “Son iclas”, “Əbədi ezamiyyət” filmləri izlənilib.
Nümayəndəliklər tərəfindən “Müstəqil Azərbaycan” adlı tədqiqat müsabiqəsi elan edilib. Komandalarda birləşən gənclər əvvəlcədən verilmiş “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan kinosu”, “Azərbaycanın memarlıq abidələri” və “Azərbaycan musiqisi” mövzuları üzrə müəyyən olunmuş vaxta kimi araşdırma aparıb, təqdimatlarla çıxış ediblər.
Gənclərin əl işlərindən ibarət sərgidə rəsm əsərləri, toxuma iplərdən hazırlanan Azərbaycan bayrağı nümayiş olunub, gənclər arasında veloyürüş təşkil edilib.
28 May – Müstəqillik Günü münasibətilə gənclər arasında “Nə? Harada? Nə zaman?” və “Xəmsə” formatlı intellektual oyunlar, voleybol, basketbol, futbol, şahmat oyunları, “Paintball” yarışı keçirilib, qaliblər mükafatlandırılıb.
Tədbirlərdə qeyd olunub ki, Cümhuriyyət 23 ay mövcud olduqdan sonra sovet işğalı nəticəsində süqut etsə də, ümummilli lider Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan dövləti ilk cümhuriyyəti quranların gətirdikləri dəyərləri yaşadır. Onun siyasətinin layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azərbaycançılıq məfkurəsi daha da möhkəmləndirilərək müstəqil Azərbaycan gəncliyinin vətənpərvər ruhda yetişməsinə təkan verilib və Vətən müharibəsində şanlı zəfərimizin əsası qoyulub.

 

 

 

 

Cəmiyyət 2022-05-28 18:56:00