×
A
A
A
Sazlamalar

Azərbaycan XİN: Ermənistan tərəfi anlamalıdır ki, onilliklər öncəki davranışı həyata keçirmək cəhdləri xülyadan başqa bir şey deyil

Bakı, 28 may, AZƏRTAC
Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan dövlətinin başçısının mayın 27-də Zəngilan rayonunda səsləndirdiyi fikirlə bağlı növbəti əsassız açıqlama ilə çıxış etməsi təəssüf doğurur. İlk növbədə, qeyd etmək istərdik ki, 30 ilə yaxın beynəlxalq hüququn fundamental prinsiplərini tapdalayan, işğalçı siyasət yürüdən, bir milyona yaxın azərbaycanlının insan hüquqlarını kobudcasına pozan Ermənistanın son zamanlar, sözdə beynəlxalq hüquqa tez-tez istinadlar etməsi maraq doğurur. Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşıb və bu mövqeyi ardıcıl şəkildə nümayiş etdirib.
Bu sözlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın dövlət başçısının Zəngilan rayonunda çıxışı ilə bağlı açıqlamasına dair şərhində yer alıb.
“Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş Zəngilan rayonunda səsləndirdiyi fikirlərə gəldikdə isə, Ermənistan Xarici İşlər Nazirliyinin diqqətinə çatdırırıq ki, Azərbaycanın dövlət başçısı məhz beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan davranışdan çəkinməyə çağırır və belə bir hüquqazidd davranışın doğura biləcəyi təhlükələrlə bağlı xəbərdarlıq edir. Təəssüf ki, postmünaqişə mərhələsində Ermənistanda bu cür təhlükəli davranışları təşviq edən revanşist qüvvələr mövcuddur və bu qüvvələrin 30 ilə yaxın yürütdüyü təcavüzkar siyasətin Ermənistanı sürüklədiyi acınacaqlı vəziyyət göz qabağındadır. Ermənistan tərəfi anlamalıdır ki, onilliklər öncəki davranışı həyata keçirmək cəhdləri xülyadan başqa bir şey deyil. Yalnız bölgədə yaranmış yeni reallıqların və yeni imkanların düzgün şəkildə dəyərləndirilməsi doğru nəticələrə gətirib çıxara bilər”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhində qeyd olunub.

Siyasət 2022-05-28 16:56:00