×
A
A
A
Sazlamalar

Haaqada Azərbaycan Respublikasının Müstəqilliyinin 104-cü ildönümü qeyd edilib

Haaqa, 28 may, AZƏRTAC
Haaqada Azərbaycan səfirliyində 28 May - Müstəqillik Günü münasibətilə ziyafət təşkil olunub.
Ziyafətdə Niderland Krallığında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Kimyəvi Silahların Qadağan olunması Təşkilatının, eləcə də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın rəhbərləri, ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı, Haaqada fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər, yerli ictimaiyyətin və bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan və Niderlandın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov çıxış edərək, 104 il bundan əvvəl, 1918-ci il mayın 28-də tarixi “İstiqlal bəyannamə”sinin qəbul edilməsi ilə müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından danışıb. İlk Respublikanın ölkəmizin tarixindəki rolundan, ötən əsrin 90-cı illərində müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın üzləşdiyi erməni hərbi təcavüzündən söz açıb.
Fikrət Axundov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 2020-ci ildə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. Bu gün Azərbaycan hökumətinin Qarabağ və Şərqi Zəngəzurda apardığı quruculuq işlərindən, ölkəmizin Avropa İttifaqının enerji təminatçısı olmasından danışıb. Bildirib ki, Azərbaycan böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Bu il Azərbaycan və Niderland arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olduğunu deyən səfir iki ölkə arasındakı münasibətlərin inkişafından bəhs edib.
Tədbir Niderlandda fəaliyyət göstərən Azərbaycan rəqs qrupunun çıxışı ilə davam edib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

Siyasət 2022-05-28 16:52:00