×
A
A
A
Sazlamalar

Azərbaycan Şahmat Federasiyasında Özbəkistan Şahmat Federasiyası ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 28 may, AZƏRTAC

Azərbaycan Şahmat Federasiyasında (AŞF) Özbəkistan Şahmat Federasiyasının sədri Alişer Sadullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
AŞF-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov, baş katibi İlahə Qədimova və federasiya nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edən F.Həsənov ölkəmizdə şahmata olan dövlət qayğısından danışaraq zəka sahiblərinin həm komanda, həm də fərdi yarışlarda böyük qələbələr qazandığını bildirib. Federasiya rəsmisi Azərbaycanda, mütəmadi olaraq şahmat üzrə böyük turnirlərin o cümlədən – 2015-ci ildə dünya kuboku, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının, eləcə də superturnirlərin yüksək səviyyədə təşkil olunduğunu xatırladıb.
Görüş üçün minnətdarlığını bildirən A.Sadullayev Azərbaycanda güclü şahmat ənənələrinin mövcud olduğunu söyləyib.
Görüş federasiyalar arasında əməkdaşlıq barədə fikir mübadiləsi ilə davam etdirilib.
Tədbirin sonunda Özbəkistan Şahmat Federasiyasının sədri Faiq Həsənova xatirə hədiyyəsi təqdim edib.

 

 

İdman 2022-05-28 16:45:00