×
A
A
A
Sazlamalar

Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərin 30 illiyi və Müstəqillik Günü Nur-Sultanda qeyd edilib VİDEO

Nur-Sultan, 28 may, AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycan-Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi və Müstəqillik Günü münasibətilə təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkənin energetika naziri Bolat Akçulakov, xarici işlər nazirin birinci müavini Akan Raxmetulin və nazir müavini Yermuxambet Konuspayev, ölkədə akkreditasiya olunan beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri və nümayəndələri, Qazaxıstan ictimaiyyətinin görkəmli simaları, hərbi ataşelər, mətbuat nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) keçdiyi müstəqillik yolundan danışaraq demokratik respublikanın 1918-ci il mayın 28-də yaradıldığını bildirib və müsəlman Şərqində ilk demokratik dünyəvi respublika olduğunu diqqətə çatdırdı.
Azərbaycan xalqının milli dövlətçiliyin bütün xüsusiyyətlərini qorumağa müvəffəq olduğunu bildirən səfir ulu öndər Heydər Əliyevin xalqımızın milli şüurunun inkişafındakı xidmətlərindən, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olaraq qədim dövlətçilik ənənələrinə sadiq qaldığını vurğulayıb. Səfir qeyd edib ki, Ümummilli Liderin siyasətini bu gün onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev davam etdirir.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın nəinki öz torpaqlarını azad etdiyini, həm də bir milyona qədər azərbaycanlının tarixi ədalətini, ərazi bütövlüyünü bərpa edərək, BMT Təhlükəsizlik Şurasının qərarlarını həyata keçirdiyini vurğulayan səfir, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafının Azərbaycan hökumətinin əsas prioriteti olduğunu qeyd edib.
Ağalar Atamoğlanov bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini, müstəqillik dövründə Qazaxıstan-Azərbaycan siyasi və iqtisadi əlaqələrinin uğurlu inkişafını və bu gün ölkələrimiz arasındakı münasibətlərin strateji xarakter daşıdığın bildirib.
Qazaxıstanın energetika naziri Bolat Akçulakov qısa tarixi dövrdə Azərbaycan dövlət quruculuğunda, siyasi və sosial-iqtisadi transformasiyaların həyata keçirilməsində mühüm nəticələr əldə edərək böyük yol keçdiyini söyləyib.
Nazir qeyd etdi ki, bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının nizamnaməsinə və qətnamələrinə uyğun olaraq ərazi bütövlüyü məsələsində ədaləti bərpa etməyə nail olmuş beynəlxalq birliyin nüfuzlu və hörmətli üzvüdür. Bu, Azərbaycan xalqının haqlı olaraq fəxr etdiyi ölkənin müasir tarixində ən mühüm mərhələdir.
Energetika naziri 2005-ci ildə Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzaladıqlarını və iki ölkə arasında enerji sektorunda səmərəli əməkdaşlığın olduğunu bildirib və ikitərəfli münasibətlərin yeni səviyyəyə çatdırılmasının vacibliyini vurğulayıb.
Mərasimdə Azərbaycan ifaçılarının təqdim etdikləri musiqi nömrələri böyük maraqla qarşılanıb.
Tədbirdə ölkəmizin müstəqilliyinin formalaşma tarixi və Azərbaycan-Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasını əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış olub, həmçinin ölkəmizlə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.

 

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Cəmiyyət 2022-05-28 16:22:00

Video