Argentinada Müstəqillik Günü münasibətilə təntənəli rəsmi qəbul keçirilib
Bakı, 28 may, AZƏRTAC
Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi tədbirdə Argentina Xarici Əlaqələr, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin yüksək səviyyəli rəsmiləri, Argentina Milli Konqresinin Senat və Deputatlar Palatasının üzvləri, Azərbaycan-Argentina parlamentlərarası dostluq qrupunun üzvləri, Argentinada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, həmçinin etnik və dini icmaların, elmi-analitik mərkəzlərin, KİV-in nümayəndələri, yerli iş adamları və ictimai dairələrin təmsilçiləri iştirak ediblər.
Azərbaycan Argentinadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən səfir Rəşad Aslanov 104 il öncə, məhz 28 may tarixində Azərbaycan xalqı tərəfindən müsəlman Şərqində ilk demokratik və dünyəvi respublikanın qurulmasını, bununla da dövlət quruculuğu, ordu quruculuğu, ərazi bütövlüyü və təhlükəsizliyin təminatı, eyni zamanda, irqi, dini, etnik və cinsi mənsubiyyətindən asılı olmadan bütün vətəndaşlarının bərabər hüquqlarla təmin olunması kimi müasir və mütərəqqi nailiyyətlər əldə etdiyini vurğulayıb.
R. Aslanov həmin dövrdə regionda yaşanan mürəkkəb geosiyasi vəziyyət səbəbindən cəmi 23 ay mövcud olmuş dövlət müstəqilliyinin daha sonra 18 oktyabr 1991-ci ildə bərpa olunduğunu, lakin müstəqilliyin ilk mərhələsində dövlətimizin ağır çətinliklərlə üzləşdiyini qeyd edib. Səfir 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının müasir ölkə tarixində dönüş nöqtəsi olduğunu vurğulayaraq, bu zamandan etibarən müasir Azərbaycan Respublikasının dirçəlişinin, ərazi bütövlüyü və suverenliyinin təmin olunmasının, sosial-iqtisadi inkişafı və regional və beynəlxalq müstəvidə inteqrasiyasının milli inkişaf strategiyasının əsas prioritet istiqamətlərinə çevrildiyini bildirib.
R. Aslanov qeyd edib ki, Azərbaycan xalqı öz dövlətçilik ənənələri, şanlı tarixi ilə qürur duyur və ölkənin ərazi bütövlüyü və suverenliyi yolunda hər cür fədakarlığa hazırdır. O, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbəni vurğulayaraq, Azərbaycan xalqının son 2 ildə Müstəqillik Gününü ərazi bütövlüyünü bərpa etmiş qalib və daha məğrur bir xalq kimi qeyd etdiyini nəzərə çatdırıb. Səfir, münaqişə sonrası Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə gördüyü minatəmizləmə, bərpa və quruculuq işlərindən bəhs edib və Azərbaycanın Ermənistanla ikitərəfli münasibətlərinin suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət əsasında qurulmasına hazır olduğunu qeyd edib. Eyni zamanda, o, Azərbaycanın Cənubi Qafqaz regionunda mühüm iqtisadi potensialı və təşəbbüskarı olduğu strateji və irimiqyaslı beynəlxalq layihələrdən danışıb.
Daha sonra, R. Aslanov 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edildiyini bildirərək, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın tarixi və Azərbaycan xalqı üçün mühüm əhəmiyyətindən, işğaldan azad olunduqdan sonra şəhərin bərpası və burada həyata keçirilən mədəni tədbirlərdən bəhs edib.
Tədbirdə Şuşa şəhərinə aid fotolardan ibarət sərgiyə baxış keçirilib və Şuşada lentə alınan konsert proqramının videosu nümayiş olunub.
Xüsusi Riskli Xilasetmə Xidmətinin hərbi qulluqçuları Türkiyədə kurslarda iştirak ediblər
RİMM-də gənc rəssamların sərgisi açılıb
Bakıdakı Rus evində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub