×
A
A
A
Sazlamalar

Türk dünyasına verdiyi töhfələrə görə COMSCTECH-in Baş katibi medalla təltif edilib

Bakı, 28 may, AZƏRTAC

Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Türk Akademiyası və İslam Əməkdaşlıq Təşkilatının, Əl Fərabi Adına Qazaxıstan Milli Universitetinin təşkilatçılığı ilə beynəlxalq elm və texnologiya forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans öz işinə başlamazdan əvvəl pakistanlı rəssamlar tərəfindən hazırlanmış “İslam xəttatlığı” sərgisinə baxış olub.
Forumun təntənəli açılışında Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, İƏM-in elm və texnologiya üzrə daimi komitəsinin (COMSCTECH) baş əlaqələndiricisi İqbal Çudaxri, Əl Fərabi Adına Qazaxıstan Milli Universitetinin rektoru Canseyit Tuyimbayev, Qazaxıstan Respublikasının təhsil və elm naziri Kuanış Yerqaliyev, TURKSOY-un Baş katibi Sultan Rayev, İnsan Hüquqları üzrə Pakistan Senatının daimi katibi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin icraçı direktoru Çi Fan, müsəlman və türk ölkələrinin diplomatik korpuslarının rəhbərləri çıxış ediblər.
Beynəlxalq tədbirdə Məhəmməd İqbalın Beynəlxalq Türk Akademiyası tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş “İslam düşüncəsinin rekonstruksiyası”, Əl Farabinin “El-Farabi Kitabu'l Musika'l-Kebir”, urdu dilində “İqbal ensiklopediyası” kitablarının, həmçinin 2020-ci ildə İslamabadda keçirilən qlobal forumda edilən məruzələrin yer aldığı nəşrin təqdimatı keçirilib.
Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli COMSCTECH-in Baş katibi İqbal Çaudxarini türk dünyasına verdiyi töhfələrə görə akademiyanın “Qızıl medalı” ilə təltif edib.
Daha sonra forum öz işini sessiya iclasları ilə davam etdirib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Pakistan, Böyük Britaniya, Rusiya, Tacikistan və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin tanınmış alim və tədqiqatçıları, ekspertləri məruzələrlə çıxış ediblər və müzakirələr aparılıb.
Foruma dünyanın müxtəlif ölkələrindən alimlər və tədqiqatçılar, diplomatlar həm də onlayn qatılıblar.

Cəmiyyət 2022-05-28 15:46:00