×
A
A
A
Sazlamalar

Beynəlxalq İdman Atıcılığı Federasiyasının prezidenti: Dünya kuboku yarışı Azərbaycanda çox yüksək səviyyədə təşkil edilib

Bakı, 28 may, AZƏRTAC
Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə dünya kuboku yarışı çərçivəsində Beynəlxalq İdman Atıcılığı Federasiyasının prezidenti Vladimir Lisin və Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərovun iştirakı ilə brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə jurnalistlərin suallarını cavablandıran Vladimir Lisin bildirib ki, Azərbaycan digər mötəbər tədbirlərə olduğu kimi dünya kuboku yarışına da yüksək səviyyədə hazırlaşıb. Belə bir nüfuzlu yarışın ölkənizdə keçirilməsindən məmnunuq: “Bakı Atıcılıq Mərkəzi ən müasir standartlara cavab verən arenadır. O, öz möhtəşəmliyi ilə hamını heyran edir. Burada 2015-ci ildə birinci Avropa Oyunları atıcılıq yarışları, daha sonra Avropa çempionatı yüksək səviyyədə təşkil edilib. Dünya kuboku yarışında 66 ölkədən 700-dən çox atlet iştirak edir. Bu, çox yaxşı nəticədir. Yarışın təşkilinə böyük əmək sərf etdiklərinə görə Təşkilat Komitəsinə və əməyi keçən hər kəsə minnətdarlıq edirik. Dünya kuboku yarışı Azərbaycanda çox yüksək səviyyədə təşkil edilib. Qeyd edim ki, turnirdə iştirakçılar üçün də hər bir şərait yaradılıb. Əminik ki, turnir ən yüksək səviyyədə başa çatacaq”.
Emin Cəfərov 66 ölkədən 705 idmançının iştirak etdiyi bu nüfuzlu yarışda atıcıların 30 növdə mübarizə apardıqlarını bildirib. O qeyd edib ki, komandamız 36 idmançı ilə təmsil olunur: “Komandamızı 17-si oğlan, 19-u xanım olmaqla 36 idmançı təmsil edir. Atletlərimiz turnirə çox yaxşı hazırlaşıblar və güman edirik ki, yaxşı nəticələr göstərəcəklər. Nəzərə almaq lazımdır ki, pandemiyadan sonra komandamız tam formalaşmayıb. Amma idmançılarımız öz üzərlərində çalışırlar və nəticələrdə də irəliləyiş var. Ümid edirik ki, bu dünya kuboku da nəticələrin artmasında böyük rol oynayacaq”.
E.Cəfərov komandamızın üzvü Ruslan Lunyova böyük ümidlər bəslədiyini deyib: “R.Lunyov güllə atıcılığı üzrə bu il son dörd böyük turnirdə medal qazanıb. Qran-Pri yarışında 2 qızıl, 1 gümüş, dünya kuboku turnirində isə 1 gümüş medal qazanıb. Şübhəsiz bu yarışda da ondan medal gözləyirik. Ondan başqa da komandamızda həm stend, həm də güllə atıcılığı üzrə potensiallı gənc idmançılar var. Düşünürük ki, onlar da yaxşı nəticələr göstərə bilərlər”.
E.Cəfərov növbəti Olimpiya Oyunlarına hazırlıqdan da danışıb. O qeyd edib ki, son olimpiadada atıcılıq üzrə 2 lisenziya olub. Paris Olimpiadasında onların sayının heç olmasa 2 dəfə artıq olmasını istəyirik.
Qeyd edək ki, yarışın birinci günündə 10 metr məsafəyə tüfəng, pnevmatik tapançadan atəşaçma üzrə kişilər və qadınlar seçmə mərhələdə iştirak edirlər.
Turnirdə idmançılar ümumilikdə, 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.

 

İdman 2022-05-28 15:03:00