×
A
A
A
Sazlamalar

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolunun tikintisi 2023-cü ilin sonunda başa çatdırılacaq VİDEO

Zəngilan, 28 may, A.Yavərzadə, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Azərbaycan və Türkiyə prezidentləri tərəfindən ötən il təməli qoyulan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolunun tikintisi sürətlə davam edir. Yolun ümumi uzunluğu 123,6 kilometr olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometri altızolaqlı inşa ediləcək. Digər 44,6 kilometr isə dördzolaqlı olacaq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin layihələr üzrə mühəndisi Əyyub Hüseynov deyib.
Onun sözlərinə görə, ümumilikdə, yolboyu 415 ədəd süni qurğu tikiləcək: “Süni qurğulardan 135-nin tikintisi tamamlanıb. Yol üzərində 20 ədəd körpünün inşası da planlaşdırılır. Bunlardan 6 ədədi yol qovşağı olacaq. Hazırda bu körpülərin 17-də işlər davam edir”.
Əyyub Hüseynov qeyd edib ki, bütövlükdə yolun 110 kilometr hissəsində torpaq yatağının inşası aparılır. Demək olar ki, 35 milyon kubmetr həcmdə olan torpaq yatağının 78 faizi tamamlanıb. Yolda inşaat işlərinin 2023-cü ilin sonuna başa çatdırılması nəzərdə tutulub.
Tezliklə yolda asfalt işlərinə də başlanacaq. Yoloxunun sərt relyefdən keçən hissəsində uzunluğu 6 kilometr olan 3 tunelin inşası da planlaşdırılır. Tunellərin inşası hazırda davam edir.

Regionlar 2022-05-28 14:52:00

Video