×
A
A
A
Sazlamalar

28 mayın Müstəqillik Günü elan edilməsi Prezident İlham Əliyevin ölkəmizin qədim dövlətçilik ənənələrinə verdiyi dəyərin bariz nümunəsidir

Bakı, 28 may, AZƏRTAC
Milli kimliyin inkişafı ölkənin inkişafının bütün mərhələləri üçün həmişə böyük əhəmiyyət kəsb edib və mövcud dünya düzəninin üzə çıxardığı reallıqlar sübut edir ki, onun rolu bundan sonra da artacaq. Milli kimliyi dərk etmək milləti hər hansı zərərli təsir və qüvvələrdən qoruyan əsas amillərdən olmaqla yanaşı, bu yolla inkişafın ən yüksək pilləsinə qalxmaq mümkündür. Çünki kimlik, milli özünüdərk məfhumları millətdə maraq, qürur, namus, vətənpərvərlik, mənəviyyat, inam və məsuliyyət kimi dəyərləri nümayiş etdirən yüksək mənəvi qüvvədir. Milli və dövlətçilik adət-ənənələri kimliyin milli şüurla bağlılığını və vəhdətini sübut edir. 44 gün ərzində bütün dünya xalqımızın bu məfhumları ən yüksək zirvədə tutaraq Vətənə bağlılığının hansı səviyyədə olduğunun əyani şahidi oldu. Çünki, eyni zamanda, dünyada qloballaşma proseslərinin dərinləşdiyi bir şəraitdə, təəssüflər olsun ki, milli kimliyə, milli maraqlara və mənəvi-ideoloji təhlükəsizliyə etinasızlıq, bəzi hallarda insanların keçmişini və gələcəyini itirməsinə səbəb olan ideoloji təhdidlərə biganəliyin mövcudluğunun da şahidi oluruq. Xalqlar milli özünüdərk proseslərinə ciddi diqqət yetirməklə mənəvi-əxlaqi dəyərlərini canlı tutmalı, xalqı istiqlal ideyalarına sadiqlik ruhunda tərbiyə etməli, eyni zamanda, demokratik dövlətçilik prinsiplərini dərinləşdirməlidir. Ölkənin bütün şəhər və kəndlərinin timsalında vətənin qürur hissi ilə parlayan mühitini yaratmağa paralel olaraq, insanların həyatında mənəvi-əxlaqi mühit tələb edilmirsə, milli kimliyi, milli maraqları başa düşmək çətindir. Cəmiyyətin birliyini və tərəqqisini təmin etmək üçün məhz ideoloji əsaslı mühitin yaradılmasına ehtiyac var. Bunun üçün isə Lider amili olduqca mühüm əhəmiyyət daşıyır ki, toplumu düzgün istiqamətləndirib idarə edə bilsin. 2003-cü ildən bu günədək Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməsi, siyasətinin təməlində ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan azərbaycançılıq məfkurəsinin dayanması, siyasi, sosial-iqtisadi həyatın bütün sahələri daxil olmaqla, qeyd edilən istiqamətlər üzrə köklü dəyişikliklərlə müşahidə olunması Azərbaycanı qüdrətli dövlətə çevirdi. Dövlətimizin başçısının Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları, tarixin ən güclü Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi, ölkəmizin regional lider statusu qazanması və regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləməsi, beynəlxalq miqyasda sayılan, nüfuzlu dövlətə çevrilməsi məhz ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin rəhbərliyi altında bu ideyaların xalqımız tərəfindən ən ali mərtəbədə tutulmasıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova söyləyib.
Dəyişiklikləri vaxtında dərk edənin, milli kimliyinə, milli dəyərlərinə hörmətlə yanaşan xalqın gələcəyi üçün möhkəm təməl qura biləcəyini deyən politoloq bildirib ki, bəşəriyyət nə qədər elmi, siyasi, iqtisadi inkişafda olsa da, insanların öz əcdadlarının əqli, mənəvi-əxlaqi kamilliyini irs olaraq daşımaq üçün səy göstərməsi, onlar kimi olmağa çalışması təbiidir. Axı, milli özünüdərk insan şüurunun səviyyəsini üzə çıxaran emosional və rasional ideyaları özündə birləşdirən qüvvədir. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq”. Eyni zamanda, çox çətin bir dönəmdə Azərbaycanı yenidən quran, bu gün sürətlə inkişaf edən Azərbaycanımızın təməl daşlarını qoyan ulu öndər Heydər Əliyevin vəsiyyətini layiqincə yerinə yetirməsi faktı sübut edir ki, yalnız qədim dövlətçilik ənənələrinə malik xalqlar tarixi missiyanı nəsildən-nəslə ötürmək ənənəsinə malik olurlar. Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa etsə də, biz bugünkü Azərbaycanı məhz ulu öndər Heydər Əliyevə borcluyuq. Çünki qardaş qırğınına, vətəndaş müharibəsinə, xaosa son qoyan dahi şəxsiyyətin sayəsində biz gənclər bu gün azad, müstəqil təhlükəsiz, proqressiv bir dövlətdə yaşayıb-yaradırıq. Ümummilli Lider öz çıxışlarının birində haqlı olaraq, bütün səmimiyyəti, ləyaqəti və fədakarlığı ilə deyirdi: “Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu yükü öz üzərimə götürmüşəm və götürmüşəm ona görə yox ki, bu vəzifə mənə lazımdır bəziləri kimi, bəziləri buna can atırlar, yox, götürmüşəm ona görə ki, öz bacı-qardaşlarıma, öz doğma Vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim. Dəfələrlə demişəm həyatımın son dəqiqəsinə qədər mən bu xidməti edəcəyəm və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam, Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”. Qalib xalqın Müzəffər Ali Baş Komandanı bu dərin, məqsədyönlü və fədakar fikirlərin hər bir cümləsinin, sözünün haqqını verdi.
2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nun qəbul edilməsi olduqca mühüm və tarixi addım idi. Müstəqillik Gününün ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd edilməsi, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Müstəqillik günü ərəfəsində Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər etmələri, Zəngəzur dəhlizinin avtomobil, dəmir yolu və hava komponentlərinə elektrik xətti marşrutunun qoşulması, xüsusilə bu tarixi günün də qardaş Türkiyə ilə birgə qeyd edilməsi verilən rəmzi və olduqca sanballı mesajdır. 1915-ci ildən Bakının azad olunmasından başlayaraq bu günə qədər də Türkiyə bizim müstəqilliyimizin ayaq səslərinin gurultulu bir şəkildə qulaqlarda cingildəməsinin ən böyük dəstəkçisidir. Səmalarımızda qürurla təsvir edilən ay-ulduz gücümüzün nümayişi olmaqla yanaşı, həm də ağılımızın, qüdrətimizin göstəricisidir. Bu, milli özünüdərk, soy-kökə təbii qayıdışdır. Dövlətimizin başçısı tərəfindən atılan düşünülmüş, sistemli və ən əsası, nəticəyönümlü addımlar birbaşa vahid amala, yəni, “Böyük Qayıdış”a, Azərbaycanın regionda və dünyada nüfuzunun artmasına xidmət edir.
Müstəqillik prosesinin ilkin addımı kimi imzalanan müstəqillik bəyannaməsi insanların nə üçün azad olmasına dair arqument rolunu oynayır. Dünya tarixində təkcə bir neçə sənəd ideyalarının gücünə görə müstəqillik bəyannamələri ilə rəqabət aparır. Bu baxımdan, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən qəbul olunan İstiqlaliyyət Bəyannaməsi fikir və sözlərin intellektual mənşəyinin, mahiyyətinin geniş olması baxımından xüsusi önəm kəsb edir. Belə ki, sənəd, sadəcə, Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirməsi baxımından deyil, həm də iki regional aktor arasında müharibənin Azərbaycan üçün daxili və xarici müşkülatdan, çətinlikdən çıxmaq məqsədilə xüsusi bir dövlət təşkilatı qurmağın zəruriliyini təlqin edirdisə, digər tərəfdən, hələ o dövr üçün müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti ölkə ərazisində yaşayan bütün millətlərə sərbəst inkişafları üçün geniş meydanın yaradılması baxımından xüsusi əhəmiyyət daşıyırdı. Məhz bu köklü addım xalqımızın böyüklüyündən, tolerantlığından, xoş niyyətindən, mehriban dostluq şəraitində yaşamaq üçün hər kəsə eyni və bərabər imkanların yaradıldığından xəbər verir.
Azərbaycan xalqının keçdiyi çoxəsrlik və keşməkeşli yola nəzər salarkən hər dəfə sübut olunur ki, xalqımızın müstəqilliyi heç bir dövrdə və zamanlarda elan edilmiş müstəqillik deyil, məhz qazanılmış müstəqillikdir. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində formalaşdırılıb. Məhz bu sənəddə Azərbaycan Respublikasının 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu xüsusi qeyd edilir. Bu da dövlət müstəqilliyimizin elan olunduğu tarixin məhz 1918-ci il mayın 28-i olduğunu birmənalı şəkildə təsdiqləyir. Hər iki sənəd - həm 1918-ci ildə qəbul edilən İstiqlaliyyət Bəyannaməsi, həm də 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı, orada ehtiva olunan məsələlər, sözün bütün mənalarında, xalqımızın dahiliyini əks etdirir. Xalqımızın mübarizlik ideyaları sərhədlərimizin hüdudlarından xeyli kənara çıxmaqla yanaşı, zaman və mədəniyyətlər arasında yayılması xalqlar və mədəniyyətlər arasında gözəl vasitəçi rolunu oynayır. Müstəqillik ideallarımız, azadlığımız, torpaq uğrunda canından keçməyə qadir olmaq bütün dünyada digər insanlar üçün model rolunu oynayır. İndiki gənc nəsil, gələcək nəsillər bunları daha dərindən dərk etməli, qiymətləndirməli və ən əsası, onun aktuallığını bu gün bütün dünyada canlı sənəd kimi görməlidirlər.
44 günlük Vətən müharibəsinin nəticəsi, tarixi Zəfərimiz regionda geosiyasi və geoiqtisadi dəyişiklik yaratmaqla bərabər, tarixi proseslərə konseptual olaraq yenidən və sistemli baxışı zəruri etdi. Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Bu ifadəni leksikondan həmişəlik silməklə Qarabağ iqtisadi zonasının yaradılması, milli toponimlərimizə yenidən nəfəs verilməsi, 28 mayın Azərbaycan Respublikasının Müstəqillik Günü, 18 oktyabrın isə Müstəqilliyinin Bərpası Günü elan edilməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin qanı-canı bahasına geri qaytarılan torpaqlarımıza sancılan bayrağımız, həmin ərazilərdə səsləndirilən himnimiz, qürurla nümayiş etdirilən dövlət gerbimiz də daxil olmaqla, dövlət atributlarımızın yaşının da müstəqilliyimiz qədər olması faktı 44 günlük Vətən müharibəsi nəticəsində regionda yaratdığımız reallıq kimi isbata ehtiyacı olmayan aksiomdur.

Siyasət 2022-05-28 12:51:00