×
A
A
A
Sazlamalar

“Nağdsız ödəniş qazandırır” kampaniyasının qalibləri mükafatlandırılıb

Naxçıvan, 28 may, AZƏRTAC

Naxçıvan Biznes Mərkəzində “Nağdsız ödəniş qazandırır” kampaniyasının yekun mükafatlandırma mərasimi olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə “Naxçıvanbank” ASC İdarə Heyətinin sədri İsa İsayev, İdarə Heyətinin sədr müavini Rafiq Xəlilov, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini Fərrux Əkbərov, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin İdarə Heyətinin sədr müavini Emin Quliyev, “Cahan” AVM-nin icraçı direktoru Cəlaləttin Bal çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, “Naxçıvanbank” ASC muxtar respublika daxilində nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə stimullaşdırıcı kampaniya elan edib. Martın 20-dən mayın 20-dək davam edən kampaniyada, ümumilikdə, muxtar respublika üzrə 45 şəxs qalib seçilib. Kampaniya dövründə bank tərəfindən yalnız öz kart müştərilərinə deyil, sahibkarlara diqqət göstərilib, onlara da kampaniyanın keçirilməsinə dəstək olması üçün müəyyən həvəsləndirici tədbirlər görülüb. Belə ki, kampaniya dövründə ən çox dövriyyə etmiş sahibkarlar müəyyən edilib və onlara müxtəlif məhsul və xidmətlərə dair endirimlər tətbiq edilməsi üçün güzəşt kartı təqdim olunub.
Sonra sponsorlar, sahibkarlar və qaliblər mükafatlandırılıb.
Qeyd edək ki, “Nağdsız ödəniş qazandırır” kampaniyasının “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti, “Cahan” AVM, Gəmiqaya satış mərkəzi və “Çəmən” marketin sponsorluğu ilə təşkil olunub.

 

Regionlar 2022-05-28 12:43:00