×
A
A
A
Sazlamalar

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
İcazə verin, Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda Azərbaycan xalqını təbrik edim.
104 il əvvəl mayın 28-də yeni müstəqil dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi, bununla da Şərqdə və bütün müsəlman dünyasında ilk demokratik dövlət quruldu. Gənc dövlətin təməlində hələ Avropanın bir çox qabaqcıl və inkişaf etmiş ölkələrində belə tətbiq edilməmiş mütərəqqi ideyalar, prinsiplər və bəşəri dəyərlərlə bağlı uzun illər mövcud olan milli istiqlaliyyət arzuları dayanırdı.
İlk respublikanın ömrü uzun sürməsə də, onun ideyaları və arzuları insanların yaddaşından heç vaxt silinmədi, çoxsaylı təzyiq və maneələrə baxmayaraq, onilliklərdən sonra yenidən dirçəldi və reallaşdı.
Müasir Azərbaycan Respublikası milli atributları və müstəqillik ideyalarını qoruyub saxlamaqla Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib. Respublika dramatik və faciəvi, eyni zamanda, şərəfli və qəhrəmanlıqlarla dolu yeni mərhələyə daxil olub. Ölkənin 30 illik yeni tarixində bir çox dəyişikliklər baş verib, milli dirçəliş, iqtisadi inkişaf, güclü dövlətin qurulması, ən əsası, tarixi torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası yolunda qazanılan şanlı Qələbə bunun kulminasiya nöqtəsidir. Bu müddət ərzində ölkə rəhbərliyi strateji baxışı, müdrikliyi, eləcə də səbir və fədakarlığı ilə öz xalqına xidmət prinsipini əsas tutaraq sarsılmaz qətiyyət və böyük işgüzarlıq nümayiş etdirmişdir.
Bu gün Azərbaycan müasir və davamlı inkişaf edən, dinamik və şaxələndirilmiş iqtisadiyyata, fəal cəmiyyətə malik olan mühüm aktor, eləcə də beynəlxalq aləmdə sülh, sabitlik, əməkdaşlıq, dialoq və anlaşmanı təşviq edən nüfuzlu dövlətdir.
Bir çoxları müstəqillik uğrunda mübarizəni ölkənin yaşamaq instinktinin güclü təzahürü, çoxsaylı təzyiq və çağırışlara, eləcə də ən çətin anlarda ancaq özünə güvənərək tab gətirmək qabiliyyəti hesab edirlər. Bu gün müstəqil Azərbaycanın bu təcrübəsi mövcudluqla bağlı təhdidlərlə üzləşən və öz hüquqlarını müdafiə edən dövlətlər üçün ilham mənbəyi və nümunədir.
Bu gün beynəlxalq nizamın kobud şəkildə pozulduğu, beynəlxalq sülhün, sabitliyin və təhlükəsizliyin ciddi şəkildə təhlükə altına düşdüyü bir vaxtda bu, xüsusi əhəmiyyət kəsb edir. Belə kritik vəziyyətlər beynəlxalq sülh və nizamın olmasını, eləcə də ölkələrin müstəqillik uğrunda hüquqlarını müdafiə edən dünya liderlərindən birlik, həmrəylik, mətanət, dəyişməz və barışmaz mövqe tələb edir.
Zati-aliləri, məhz bununla əlaqədar olaraq beynəlxalq hüququn norma və prinsiplərinin, bəşəri dəyərlərin müdafiəsində nümayiş etdirdiyiniz güclü mənəvi və prinsipial mövqeyinizə, eləcə də köməyə ehtiyacı olanlara göstərdiyiniz əhəmiyyətli dəstəyə görə Sizə minnətdarlığımızı bildirmək istəyirik. Bu, bir çox liderlər üçün gözəl nümunədir.
Biz, həmçinin təşkilatımız çərçivəsində dost ölkələr və strateji tərəfdaşlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində və gücləndirilməsində oynadığı rola görə Azərbaycan Respublikasına minnətdarlığımızı bildiririk. Qəti şəkildə inanırıq ki, əməkdaşlığımızı daha səmərəli və məhsuldar etmək üçün regional təşkilat kimi GUAM-ın potensialından daha çox istifadə etməliyik. Bununla biz regional və beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verə bilərik.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha Sizi və Sizin simanızda Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edir, sülh və daha böyük tərəqqi arzulayırıq. Biz, həmçinin Sizə müstəqil, güclü və inkişaf edən Azərbaycanla bağlı arzularınızın və strategiyanızın həyata keçirilməsi istiqamətində fəaliyyətinizdə uğurlar diləyirik. Müstəqillik Gününüz mübarək!
Hörmətlə,

 

Altay Əfəndiyev
GUAM-ın Baş katibi

 

Məktublar 2022-05-28 12:31:00