×
A
A
A
Sazlamalar

Sadıqcan Azərbaycan musiqi mədəniyyətində müstəsna xidmətləri olan sənətkarlardandır VİDEO

Şuşa, 28 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan incəsənətinin, mədəniyyətinin beşiyi olan Şuşa şəhəri işğaldan azad edildikdən sonra tarixi-mədəni tikililərin bərpasına başlanılıb. Onlardan biri də məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhərinin mərkəzində Mərdinli məhəlləsində yerləşən bütün binalar, o cümlədən Sadıqcanın evi erməni vandalizminə məruz qalıb. Şuşadakı bir sıra tarixi-memarlıq abidələri kimi, Sadıqcanın evində də bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.
Şuşa şəhər sakini, musiqiçi Məhbubə Əliyeva ilə elə Sadıqcanın evinin qarşısında həmsöhbət olduq. Məhbubə xanım bildirib ki, onların evləri də Mərdinli məhəlləsindədir. Uşaqlığı və gəncliyinin keçdiyi məhəlləni belə bərbad görmək ona ağır gəlsə də, məhəllədəki tarixi binaların, o cümlədən Aşağı Gövhər Ağa məscidinin, Şirin su hamamının və Sadıqcanın evinin bərpasına başlanılması qürur hissi yaradır.
Söhbət zamanı Məhbubə Əliyeva məşhur tarzən Sadıqcanın həyat və yaradıcılığının bəzi məqamlarından söz açıb. Bildirib ki, Mirzə Sadıq Əsəd oğlu Sadıqcan Azərbaycan musiqi mədəniyyətində müstəsna xidmətləri olan sənətkarlardandır. O, 1846-cı ildə Şuşa şəhərində anadan olub. Uşaqlıqdan Sadıqcanın gözəl səsi olub. Bunu görən atası Əsəd oğlunu Xarrat Qulunun məktəbinə gətirib ki, xalq mahnılarını, muğamları öyrənsin, xanəndə olsun. Bu məktəb Sadıqcanın musiqiçi kimi yetişməsində böyük rol oynayıb. Bir müddətdən sonra Sadıqcanın səsi batır. Lakin o, ruhdan düşmür. Tütək və ney alətlərində, sonra isə kamanda çalmağı öyrənir. Bir müddət sonra o, tarda da çalmağa başlayır və fitri istedadı nəticəsində özünün Sadıqcan adlandırılacağı zirvəyə doğru yol alır. O, tarda gözəl ifa edir, xalqın məhəbbətini qazanır. Məşhur tarzənə çevrilir.
Sadıqcanı tarın imkanlarının genişləndirilməsi məsələsi daim düşündürür. Ona görə də o, 1870-1875-ci illərdə tarda müəyyən dəyişikliklər edir. Tarı təkmilləşdirərək onun quruluşunu dəyişir. Tarı diz üstündən sinəyə qaldırır, ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırır. Tarın qolunun yuxarı hissəsinə əlavə pərdələr bağlamaqla “lal barmaq” üslubunu da icad edir. Onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin rəmzinə çevrilir. Sadıqcandan başlayaraq Azərbaycan muğamı, tar aləti yeni bir inkişaf mərhələsinə qədəm qoyub.
Məhbubə Əliyeva bildirib ki, Sadıqcan təkcə tarzən deyil, həm də bəstəkar, yaradıcı bir şəxs olub. O, ilk dəfə Şuşada ansambl yaradaraq dövrün tanınmış musiqiçilərini ansambla cəlb edib. Ansamblın üzvləri arasında iki nəfər qadın da olub. Sadıqcan “Mahur” muğamını təkmilləşdirib, “Orta Segah” və “Bayatı-Şiraz” muğamlarına bir neçə rəng bəstələyib. Bu isə onu deməyə əsas verir ki, Sadıqcan novator bir musiqiçi olub. Təsadüfi deyil ki, xalq onun tarını “sehrli tar”, özünü isə “tarın atası” adlandırıb. Bundan başqa, XVIII əsrdə xalqın çox sevdiyi xanəndələrə “can” deyə təxəllüs verilərdi. Mirzə Sadıqın da adının sonuna “can” əlavə edilməsi xalqın ona məhəbbətini göstərir.
Məhbubə Əliyeva 30 ildən sonra doğma şəhərini görə bildiyinə, burada aparılan bərpa-quruculuq işlərinin şahidi olduğuna görə sevincini ifadə edərək deyib: “Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin, şanlı Ordumuzun sayəsində Qarabağımız, Şuşamız azaddır. Dövlətimiz tərəfindən Şuşada genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu qədim Azərbaycan şəhərinin əsl tarixi görkəmi özünə qaytarılır. Bu isə bir Şuşa sakini kimi məni sevindirir, qürurlandırır. Bu sevinci, qüruru bizə yaşatdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Regionlar 2022-05-28 10:31:00

Video