×
A
A
A
Sazlamalar

Fransadakı Azərbaycan diaspor təşkilatı Afrika ölkəsində xeyriyyə aksiyası keçirib

Bakı, 28 may, AZƏRTAC

Fransanın Tuluz şəhərində fəaliyyət göstərən “Azərbaycan İcması Birliyi”nin təşəbbüsü və icma üzvlərinin maliyyə vəsaiti ilə “Şuşa İli” çərçivəsində su və ərzaq çatışmazlığından əziyyət çəkən Afrikanın Benin Respublikasının Kotonu şəhərində xeyriyyə aksiyası təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Benin Respublikasının ən iri şəhəri olan Kotonuda həyata keçirilən aksiya zamanı su quyusunun açılışı olub və aztəminatlı ailələrə ərzaq paylanılıb. Mərasim zamanı “Şuşa qəhrəmanlarının əziz xatirəsinə həsr olunur” sözlərinin, Şuşa qalasının və “Xarıbülbül” rəmzinin təsvirinin əks olunduğu poster nümayiş etdirilib.
Qeyd edək ki, Fransa Respublikasında rəsmi qeydiyyatdan keçən “Azərbaycan İcması Birliyi” Tuluz şəhərindəki soydaşlarımızın bir araya gəlməsi, Vətənə bağlılığı, milli-mədəni dəyərlərimizin təbliği, Azərbaycan həqiqətlərinin, postmüharibə dövründə ölkəmizlə bağlı yaranmış yeni reallıqların yerli ictimaiyyətə çatdırılması istiqamətində tədbir və layihələr gerçəkləşdirir.

Cəmiyyət 2022-05-28 06:21:00