×
A
A
A
Sazlamalar

“ASAN xidmət”in “Sosialyönümlü texnologiyalar” müsabiqəsi üzrə yekun qiymətləndirmə keçirilib

Bakı, 27 may, AZƏRTAC
“TEKNOFEST Azərbaycan" çərçivəsində ümumilikdə 8 kateqoriya üzrə müsabiqə keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Sosialyönümlü texnologiyalar” müsabiqəsi fərdlərin öz sosial məsuliyyət məlumatlılığı ilə texnoloji bilik və təcrübələrini inteqrasiya edərək cəmiyyət üçün faydalı layihələri ərsəyə gətirmələrinə dəstək məqsədi daşıyır. İnsan həyatına təsir edən bütün sahələrdə innovasiya və texnoloji inkişaf ilə tətbiq olunacaq layihələrin hədəfində faydalılıq, cəmiyyətə töhfə və asanlaşdırma dayanır.
Sosialyönümlü texnologiyalar müsabiqəsi sosial innovasiya, GovTech, sağlamlıq və ilk yardım kateqoriyalarını əhatə edir.
Layihənin ilkin qiymətləndirilməsi mərhələsində ümumilikdə 111 komanda müraciət edib. Növbəti layihə təqdimat videosu mərhələsinə 41 layihə keçib. Final mərhələyə keçmiş 20 komanda layihələrini nümayiş etdirib. Həmin komandalar arasından seçilən qaliblər mayın 28-29-da mükafatlandırılacaqlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Sosialyönümlü texnologiyalar” müsabiqəsinin təşkilatçısıdır.

 

Cəmiyyət 2022-05-28 07:09:00