×
A
A
A
Sazlamalar

“Şuşa İli” çərçivəsində “Qarabağ Azərbaycandır” adlı tədbir təşkil olunub

Bakı, 28 may, AZƏRTAC

Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə “Şuşa İli” çərçivəsində “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə azad olunmuş torpaqlarımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini və mətbəxini əks etdirən sərgi nümayiş olunub, məktəbin 6-cı sinif şagirdlərinin hazırladıqları həmin rayonlar haqqında şeir, mahnı və rəqslər tədbir iştirakçılarına xoş ovqat bağışlayıb.
Tədbirdə məktəbin direktoru Nigar Hənifəyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə əlaqədar rayonun ümumtəhsil müəssisələrinin şagirdləri arasında şeir müsabiqəsinə start verildiyini deyib: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında mühüm rol oynayıb”.

Sosial 2022-05-28 04:00:00