×
A
A
A
Sazlamalar

Bu gün dahi şairimiz Səməd Vurğunun anım günüdür
Qazaxdakı poeziya evindən-REPORTAJ VİDEO

Qazax, 27 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Bu gün Azərbaycanın ilk xalq şairi, görkəmli dramaturq, alim, tanınmış ictimai xadim Səməd Vurğunun anım günüdür. Onun adı çəkiləndə ilk olaraq “Azərbaycan” şeiri yada düşür... Şairi xalqa sevdirən onun şeirindəki sadəlik və səmimilik, xalq dilində əsərlərini qələmə almasıdır
Cəmi 50 il ömür yaşamasına baxmayaraq Səməd Vurğun öz zəngin ədəbi irsi ilə gələcək nəsillər üçün bir etalon olaraq təsir etməkdədir. Bir çox qələm sahibləri onun yaradıcılığından ilham alaraq bu gün poeziyaya gəlir. Şairin yaşadığı dövrdə bir çox maraqlı xatirələri onu sevənlər tərəfindən bu gün də yaşadılır.
Qazaxın Yuxarı Salahlı kəndini hamı dahi şairimizin yurd yeri kimi tanıyır. Burada Səməd Vurğunun poeziya evi var. Bu poeziya evinin qapıları düz 66 ildir ki, Səməd Vurğun sevənlərin üzünə açıqdı. Burada 1500-ə qədər eksponat sərgilənir. Burda təkcə şairin özünün deyil, ailə üzvlərinin, oğlanları Vaqif və Yusif Səmədoğlunun da şəxsi əşyaları qorunur. Kitablar, rəsmlər, Səməd Vurğunun fotoları bəzəyir poeziya evinin divarlarını. Poeziya evi 66 il öncə, şairin 70 illik yubileyi münasibətilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə açılıb. Poeziya evi yerli əhəmiyyətli monumental və xatirə abidələrindən sayılır. 1 foyedən və 4 zaldan ibarətdir. “Buradakı samovar şairin anası Məhbub xanıma aiddir. Onu Səməd Vurğunun qızı Aybəniz xanım poeziya evinə hədiyyə verib. Şairə məxsus ov üçün tor, patron daşı var. Səməd Vurğun ovçuluğu sevib. Onun köynəyi və stolüstü dəst də qorunan əşyalar içərisindədir. Hər yerdən qonaqlarımız gəlir. Buraya gələn qonaqları Səməd Vurğunun həyat və yaradıcılığı haqqında məlumatlandırırıq”, - deyə poeziya evinin bələdçisi Ziba Məmmədova bildirib.
Səməd Vurğun 50 il yaşamasına baxmayaraq, onun ədəbi irsi özündən sonrakı Azərbaycan poeziyasına böyük təsir göstərib. Bu gün də qələm sahiblərinin əksəriyyəti məhz onun yaradıcılığından bəhrələndiklərini, onun şeirlərindən, əsərlərindən ilhamlanıb poeziyaya gəlib. Elçin İsmayıl da belə qələm sahiblərindən biridir. O poeziya evinə təkcə bu gün şairin anım günü olması ilə əlaqədar deyil, başqa bir maraqlı xatirə ilə bağlı yolunu salıb. Düz 70 il bundan qabaq Səməd Vurğunun öz bibisi qızına hədiyyə aldığı saatla bağlıdır. O saat ki, şair vəfat etdikdə o da dayanıb, işləməyib... Həmin saatla bağlı olanları şair publisist Elçin İsmayıl belə xatırlayır: “Mən Səməd Vurğunun yaradıcılığı haqqında kitab hazırlayan zaman Səməd Vurğunun bibisi qızı Gülal Həsənova ilə görüşdüm. O mənə bu saatla bağlı bir maraqlı tarixçə danışdı. Deməli, 1952-ci ildə o Bərdədə müəllim işləyən zaman Səməd Vurğun bibisi qızı ilə görüşmək üçün həmin məktəbə gəlir. Onunla birgə Gəncəyə gəlirlər. Bu saatı alıb, Gülal Həsənovaya hədiyyə edir. Sonra 1956-cı ildə mayın 27-də Səməd Vurğun dünyasını dəyişəndə o hədiyyə saat da dayanır, işləmir. Mən qələmə aldığım “Yadigar qol saatı” povestimi çap etdirdim. Gülal Həsənova əsərlə tanış olduqdan sonra bu saatı mənə təqdim etdi. Elə o vaxtdan bəri, yəni 2017-ci ildən yadigar saxlayıram. Bu gün anım günündə isə həmin saatı poeziya evinə təqdim etmək üçün gətirmişəm”.
Səməd Yusif oğlu Vəkilov 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Atası gözəl saz ifaçısı kimi tanınıb. Uşaqlıq illərini doğma kəndində keçirən Səməd ibtidai təhsilini rus-tatar məktəbində alıb. Onun 6 yaşı olarkən anası Məhbub xanım vəfat edib. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyüb. 1918-ci ildə Qazax Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idi. Səməd Vurğun 1924-cü ildə seminariyanı bitirdikdən sonra Qazax, Quba və Gəncə məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib. Hələ təhsil illərində Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olub.
1930-cu illərdə Səməd Vurğun Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavellinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edib. “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” dramlarını, “Zəncinin arzuları”, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemalarını qələmə alıb. 1956-cı ilin martında təsis edilən “Azərbaycanın Xalq şairi” fəxri adına da məhz ilk dəfə Səməd Vurğun layiq görülüb. Şair 1956-cı il mayın 27-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.

Regionlar 2022-05-27 23:00:00

Video