×
A
A
A
Sazlamalar

ÜST: Meymun çiçəyi virusuna görə həyəcan ab-havasına gərək yoxdur

Cenevrə, 27 may, AZƏRTAC

Meymun çiçəyi virusunun dünyanın müxtəlif ölkələrində yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir sıra tədbirlərə əl atsa da, həyəcan ab-havasına ehtiyac olmadığını bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ÜST-nin eksperti Silvie Brayand üzv ölkələr üçün keçirilən brifinqdə danışıb. O bildirib ki, meymun çiçəyi ictimaiyyəti narahat etməli olan xəstəlik deyil və COVID-19 ilə eyni tutulmamalıdır.
Ekspertin sözlərinə görə, bununla belə üzv ölkələr yoluxmuş şəxslərin qeydiyyatını aparmalı və yoluxanların təcrid olunmasına diqqət yetirməlidirlər. ÜST ekspertləri əksər hallarda xəstəliyin yüngül formada keçdiyi qənaətindədirlər. Hamilə qadınlar, uşaqlar və zəif immunitetə malik şəxslərdə isə xəstəliyin ağır keçmə ehtimalı yüksəkdir.
S.Brayand qeyd edib ki, yoluxma hallarının qarşısının alına bilməsi üçün əlverişli vaxt pəncərəsi mövcuddur. Lakin meymun çiçəyinə qarşı da təsir gücünə malik olan çiçəyə qarşı peyvəndlərin kütləvi vaksinasiya üçün həcmi müəyyən edilməlidir.
ÜST bu virusa yoluxma hallarının yaxın dövrdə artacağını hesab edir və indiyədək 20-dən artıq ölkədə meymun çiçəyinə yoluxma halları təsdiqlənib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə 

Dünya 2022-05-27 20:22:00