×
A
A
A
Sazlamalar

Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində Müstəqillik Gününə həsr edilmiş tədbirlər keçirilir

Bakı, 27 may, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində Müstəqillik Gününə həsr edilmiş tədbirlər keçirilir.
DSX-nin mətbuаt mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mayın 27-də Dövlət Sərhəd Xidmətinin Aparatında təşkil edilmiş tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Tədbirdə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının İstiqlal Bəyannaməsini qəbul etməsi ilə Azərbaycanın müstəqilliyinin dünyaya bəyan olunduğu, dövlət atributlarının müəyyənləşdirildiyi, dövlət quruculuğu, o cümlədən sərhəd təhlükəsizliyinin təmin edilməsi üzrə mühüm fəaliyyətlərin həyata keçirildiyi vurğulanıb. Cəmi 23 ay mövcud olsa da, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində demokratiya ənənələrinin formalaşması, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında əhəmiyyətli işlər gördüyü diqqətə çatdırılıb.
Tədbirdə 1991-ci ildə müstəqilliyini bərpa edən dövlətimizin ötən dövrdə mürəkkəb inkişaf yoluna nəzər salınıb, 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyini, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etdiyi, Xalq Cümhuriyyətinin varisi - müasir müstəqil Azərbaycanın möhkəmlənməsində, dünya dövlətləri arasında layiqli yer tutmasında, ölkəmizin sərhəd mühafizəsinin formalaşması və inkişafında misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə qeyd olunub.
Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin varisi və layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfər sayəsində bu gün milli dövlətçilik tariximizin şanlı səhifələrindən olan Müstəqillik Gününü ərazi bütövlüyü təmin edilmiş, qalib, güclü dövlət olaraq qeyd etdiyimiz vurğulanıb.
Tədbirin sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına həsr edilmiş “Son iclas” sənədli filmi nümayiş etdirilib.

Cəmiyyət 2022-05-27 19:33:00