×
A
A
A
Sazlamalar

Türkiyənin sənaye və texnologiya naziri BDU-da “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatında iştirak edib

Bakı, 27 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Türkiyə Cümhuriyyətinin sənaye və texnologiya naziri Mustafa Varankın iştirakı ilə I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Azərbaycan düşüncə tarixi” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev çıxış edib. O vurğulayıb ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki dövlət yoxdur. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı iki ölkə arasında əbədi dostluğun və qardaşlığın strateji yol xəritəsidir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. Türkiyə Cümhuriyyətinin mənəvi, siyasi dəstəyini hər an hiss etdiyimiz, tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra artıq türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş azad Şuşada ölkələrimiz arasında Şuşa Bəyannaməsinin imzalanması Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına, strateji müttəfiqliyinə ucaldılmış ən böyük abidədir.
Rektor BDU-da öz işinə başlayan I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ölkələrimiz arasında ədəbi-mədəni əlaqələri daha da inkişaf etdirəcəyini deyib. Həmçinin vurğulayıb ki, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin və “Qarabağ” ordenli Selçuk Bayraktarın rəhbərlik etdiyi “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı ölkələrimizin elm, təhsil, sənaye sahəsindəki əməkdaşlığına olduqca mühüm töhfədir.
Elçin Babayev bildirib ki, elmi yenilik və innovasiyaların tədris prosesinə tətbiqi, birgə elmi tədqiqatların aparılması BDU-nun əsas məqsədlərindəndir: “Yeni təşkil edilmiş Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində Sənaye Kimyası, Rəqəmsal Araşdırmalar, Mikrobiologiya və Virusologiya, Biomühəndislik laboratoriyaları yaradılıb. BDU tələbələri aktiv elmi fəaliyyətlə məşğul olurlar. Yeni yaradılmış Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində BDU-nun tələbələri tərəfindən təqdim edilmiş 5 layihə “TEKNOFEST Azərbaycan”da finala qədər yüksəlib”.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında Türkiyə və Azərbaycan qardaşlığının Şuşa Bəyannaməsinin imzalanması ilə daha da gücləndiyini, iki ölkə arasında tarixi, mədəni, siyasi, ədəbi bağların daha da möhkəmlənməsi üçün ziyalıların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. “Azərbaycan düşüncə tarixi” kitabını bu baxımdan yüksək qiymətləndirən səfir türk dünyasının önəmli şəxsiyyətlərinin də Azərbaycanda tanıdılmasının zəruri olduğunu bildirib.
Təhsil nazirinin müavini Muxtar Məmmədov Türkiyə və Azərbaycanın sevinci və kədərinin hər zaman bir olduğunu qeyd edib. Bildirib ki, BDU-da keçirilən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Türkiyə ilə Azərbaycan arasında yalnız ədəbi, mədəni əlaqələri deyil, mənəvi, tarixi bağları daha da möhkəmləndirir.
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank BDU-da olmaqdan və “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatında iştirak etməkdən məmnunluq duyduğunu qeyd edib. O, Türkiyənin Azərbaycanı özündən ayırmadığını bildirib: “Bakıda keçirilən “TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı Azərbaycan-Türkiyə birliyinin texnoloji vasitəsidir. “TEXNOFEST”i ona görə keçiririk ki, dünya türkü tanısın, yerini bilsin. Can Azərbaycanla birgə çox yolumuz olacaq. Siyasət, iqtisadiyyat, təhsil, mədəniyyət və bir çox sahələrdə birlikdə addımlayırıq. Dünya türkün gücünü görəcək”.

Elm və təhsil 2022-05-27 19:19:00