×
A
A
A
Sazlamalar

Şuşada “Könlüm keçir Qarabağdan” respublika incəsənət festival-müsabiqəsinin yekun konserti təşkil olunacaq

Bakı, 27 may, AZƏRTAC

İyunun 1-də Şuşada məktəblilər arasında “Şuşa İli”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konsert proqramı keçiriləcək. Tədbir Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real Məktəbinin qarşısında baş tutacaq.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə müsabiqə qaliblərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil ediləcək, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq. Həmçinin festival-müsabiqənin qalibləri mükafatlandırılacaq. Tədbir Şuşanın işğaldan azad edilməsindən sonra orada keçirilən ilk respublika uşaq tədbiridir.
Qeyd edək ki, respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumtəhsil müəssisələri istisna olmaqla) istedadlı şagirdləri arasında iki yaş qrupunda (11-14 yaş və 15-17 yaş) 4 nominasiya - ifa, rəqs, dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi-sənət üzrə keçirilən müsabiqəyə ümumilikdə 10 mindən çox istedadlı şagird qatılıb.

Elm və təhsil 2022-05-27 19:05:00